“Yugoimport” şirkəti “KUB-M” ZRK-ni təkmilləşdirib

“Yugoimport” şirkəti “KUB-M” ZRK-ni təkmilləşdirib

Serbiyanın “Yugoimport” şirkəti “KUB-M2” zenit raket kompleksinin (ZRK) geniş rəqəmsal təkmilləşdirilməsini həyata keçirib.

“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, təkmilləşdirilmiş sistem “KUB-SM” adlandırılıb və o, Serbiyada keçirilən “Partner 2023” silah sərgisində nümayiş etdirilib.

Təkmilləşmənin əsasını atəşi idarəetmə stansiyası təşkil edir. O, müasir informasiya texnologiyalarının tətbiqi ilə əsaslı şəkildə təkmilləşdirilib ki, bu da onun səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Radiolokasiya stansiyaları, xüsusən 1RL128 müşahidə və tutma RLS-i və PRV-16 hündürlükölçən RLS-i əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Müasirləşdirilmiş digər mühüm komponent müşahidə və tuşlama stansiyasıdır. O, hədəf izləmənin dəqiqliyini artırmaq və daha effektiv etmək üçün optimallaşdırılıb.

Bu təkmilləşdirmələr yaxşılaşdırılmış hədəf aşkarlanması və ümumilikdə taktiki-texniki xüsusiyyətlərin yüksəldilməsi ilə nəticələnib. Genişmiqyaslı təkmilləşdirmə proqramının nəticəsi sistemin məhvetmə məsafəsini 25 kilometrə qədər artırıb. “KUB-SM” hədəfləri, o cümlədən aşağı hündürlükdə uçanları daha yaxşı izləməyə imkan verən təkmilləşdirilmiş radiolokasiya xüsusiyyətləri əldə edib. Bundan başqa, sistem həm radiolokasiya stansiyalarında, həm də komanda məntəqəsinin displeylərində hava məkanında hədəflərin daha dolğun və aydın radar təsvirini ala biləcək.

Təkmilləşdirilmiş sistemin xüsusiyyətlərindən biri də radiolokasiya stansiyasının komanda məntəqəsindən uzaqdan idarə olunması imkanıdır. Köhnəlmiş komponentlərin yeniləri ilə əvəz edilməsi ilə sistemin etibarlılığı artırılmış və texniki xidmət xərcləri azalmışdır. Sistem həmçinin komanda məntəqələri və digər hava hücumundan müdafiə sistemləri ilə məlumat mübadiləsi aparmaq imkanına malikdir ki, bu da hətta belə köhnəlmiş kompleksləri vahid qoşun idarəetmə sisteminə inteqrasiya etməyə imkan verir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS