Yunanıstan Ordusunun zirehli texnika parkını yeniləyir

Yunanıstan Ordusunun zirehli texnika parkını yeniləyir

Yunanıstanda ordunun zirehli texnika parkını yeniləməklə bağlı qərar qəbul edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Yunanıstan Silahlı Qüvvələri Qərargah Rəislərinin Birləşmiş Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, Yunanıstan ordusunun silahlanmasındakı tankların təkmilləşdirilməsi və yeni piyada döyüş maşınlarının (PDM) alınması planlaşdırılır.

Bu qərar ilkin olaraq mövcud 183 ədəddən 123 ədəd “Leopard 2A4” əsas döyüş tankının təkmilləşdirilməsini və 205 ədəd yeni “Lynx” KF41 PDM-nin alınmasını nəzərdə tutub.

Qeyd olunur ki, Yunanıstan Silahlı Qüvvələrinin zirehli texnika parkının yenilənməsi ölkənin müdafiə qabiliyyətinin artırılması zərurətindən irəli gəlir.

Hazırda yüzdən çox “Leopard 2A4” əsas döyüş tankının hansı versiyaya təkmilləşdirilməsi və bunun neçəyə başa gələcəyi hələ müəyyən edilməyib. Həmçinin, 205 ədəd yeni “Lynx” KF41 PDM-nin alınmasının da neçəyə başa gələcəyi hələlik məlum deyil.

Xatırladaq ki, 2022-ci ildə Almaniyanın “Lynx” KF41 tırtıllı piyada döyüş maşını Yunanıstanda sınaqdan keçirilib. Elə o zaman məlum olub ki, alqı-satqı müqaviləsi təsdiq ediləcəyi təqdirdə, bu PDM-nin istehsalçısı Yunanıstan sənayesini cəlb etməklə döyüş maşınının istehsalını Yunanıstanda lokallaşdırmağı təklif edir.

“Lynx” KF41 PDM, Almaniyanın “Rheinmetall” konserni tərəfindən maşının mühafizəsini (modul zireh, aktiv sistemlər) və situasiya məlumatlılığını artıran müasir texnologiyalardan istifadə etməklə hazırlanıb. Bu yanaşma istismar xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, eləcə də Silahlı Qüvvələr komandanlığının taktiki tələblərə daha çevik reaksiyasına kömək etməlidir. PDM yüksək yaşamaq qabiliyyəti, mobillik və atəş gücü ilə xarakterizə olunur.

İstehsalçı tərəfindən “Lynx” PDM-i iki əsas versiyada hazırlanıb: KF31 (Kettenfahrzeug 31) və KF41 (Kettenfahrzeug 41). Burada KF – Kettenfahrzeug – tırtıllı maşını, rəqəm isə boş maşının kütləsini tonla ifadə edir.

“Lynx” KF41 PDM-in uzunluğu 7,73 m, eni 3,6 m, hündürlüyü 3,3 m-dir. Maşın 850 kVt (1140 at gücü) gücünə malik “Liebherr” mühərriki və “Renk” transmissiyası ilə təchiz olunub. Şossedə maksimal hərəkət sürəti 70 km/ h, yanacaq üzrə gediş ehtiyatı isə 500 km-dən çoxdur. 35 mm-lik “Wotan 35” avtomatik toplu “Lance 2.0” qülləsi ilə Lynx KF41 PDM-in döyüş kütləsi 44 tondur. “Lynx” KF41 modeli uzadılmış gövdəyə malikdir, üç nəfər heyət üzvünü və səkkiz nəfər desantı daşıya bilir.

“Lynx” KF31 PDM-in isə uzunluğu 7,22 m, eni 3,6 m və hündürlüyü isə 3,3 m-dir. 35 mm-lik “Wotan 35” avtomatik toplu “Lance 2.0” qülləsi ilə Lynx KF31 PDM-in döyüş kütləsi 38 tondur. PDM 750 at gücündə “Liebherr” dizel mühərriki və Allison X300 transmissiyası ilə təchiz edilib, şossedə maksimal hərəkət sürəti 65 km/saatdır. Döyüş maşınında üç heyət üzvü və altı nəfər desant yerləşdirə bilər.

Qeyd edək ki, açıq mənbələrin məlumatına əsasən, hazırda Yunanıstan Quru Qoşunlarında Almaniya istehsalı “Leopard 2A4” (183 ədəd), “Leopard 2A4/5” (500 ədəd), “Leopard 2A6HEL” (170 ədəd) və ABŞ istehsalı M48A5 (375 ədəd) tankları, SSRİ istehsalı BMP-1A Ost (169 ədəd) və Almaniya istehsalı “Marder” (40 ədəd) piyada döyüş maşınları istismar edilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS