Yunanıstanın F-35 gedişinə, Türkiyənin F-16 həmləsi – TƏHLİL

Yunanıstanın F-35 gedişinə, Türkiyənin F-16 həmləsi – TƏHLİL

Son günlərdə ABŞ-ın Türkiyəyə F-16 Blok-70 döyüş təyyarələrini, Yunanıstana isə F-35 döyüş təyyarələrini satacağı ilə bağlı məsələ diqqət mərkəzindədir.

“Poliqon”un məlumatına görə, burada əsas məsələ satışın reallaşması üçün ABŞ Konqresindən razılığın əldə olunmasıdır. Çünki ABŞ prezidenti Corc Bayden hər iki təyyarənin sifarişçilərə satılması məsələsinə müsbət yanaşır.

ABŞ Konqresi bu satışın həyata keçirilməsinə əgər icazə verərsə, o zaman Yunanıstan hava məkanı üstünlüyünün qazanılmasında son dərəcə əhəmiyyətli qüvvə əldə etmiş olacaq. Buna səbəb isə Yunanıstanın 4+, 4++ nəsil döyüş təyyarələri arasında ən yüksək manevr, bacarıq və döyüş qabiliyyətlərinə malik “Rafale” qırıcılarına sahib olması və onun üzərinə bir də “stealth” (görünməzlik) xüsusiyyətli F-35-ləri əlavə etməsidir.

Hazırda Yunanıstan Hərbi Hava Qüvvələrinin əsas vurucu gücünü F-16-lar təşkil edir (Yunanıstan HHQ-nin silahlanmasında 10 ədəd “Rafale” olsa da, hələlik həm saylarının az olması, həm də geniş şəkildə istifadə edilməməsi səbəbindən F-16-lar əsas olaraq qalır). Bu siyahıya F-35-lərin daxil edilməsi və “Rafale” ilə birgə fəaliyyət göstərməsi isə artıq müəyyən təsəvvürlərin yaranmasına kifayət edir.

Türkiyədə isə ötən əsrin 90-cı illərindən indiyə kimi Hərbi Hava Qüvvələrinin əsas zərbə gücü F-16 ilə dəyişməz olaraq qalır. Hər kəsin bildiyi kimi F-16 döyüş təyyarəsinin müxtəlif modifikasiyaları mövcuddur. Türkiyə HHQ-nin aviasiya parkında yer alan F-16-ların müəyyən bir hissəsi Blok-30 modifikasiyasıdır. Son zamanlara baxsaq qardaş ölkə bu qırıcıları modernləşdirərək daha üstün versiyalara yüksəldir və xidməti dövrünü artırır.

Burada xüsusilə qeyd etmək lazımdır ki, həmin modernləşdirmələrin hayata keçirilməsi üçün lazımi detalların bir hissəsi Türkiyə şirkətləri (başda ASELSAN və TUSAŞ şirkətlərini göstərmək olar) tərəfindən təmin edilir və işlər ölkə daxilində aparılır. Doğrudur, modernləşdirmə üçün vacib olan başqa hissələr də var ki, onlar ABŞ-dan təmin edilir. Buna görə də ABŞ-dan Blok-70-lər ilə barəbər həmin detalların alınması da nəzərdə tutulub.

Maraqlı suallar ortaya çıxır, adı çəkilən təyyarələrin alınması Yunanıstana nə kimi üstünlüklər qazandıracaq və nə qədər əskikliklərə səbəb olacaq?

İlk olaraq Yunanıstandan başlayaq. Yunanıstan hava üstünlünlüyünün qazanılması yarışında uzun illərdir ki, Türkiyədən çox geri qalır. Məhz bu səbəbdəndir ki, ölkə HHQ-nin aviasiya parkını təkmilləşdirilməsi üçün yüksək sayılan dərəcədə böyük məbləğlər xərcləməyə hazırdır.

Belə ki, Yunanıstan bununla bağlı ilk kəskin addımını 2020-ci ilin sentyabrında Fransa ilə əvvəlcə 18 ədəd, daha sonra isə 2021-ci ilin sentyabrında daha 6 ədəd “Rafale” qırıcısının satınalınması müqaviləsini imzalamaqla atdı. Ölkə “Rafale” qırıcılarının 6 ədəddən ibarət ilk partiyasını ötən ilin yanvar ayında əldə etdi və onların təntənəli nümayişini həyata keçirdi. 2022-ci ilin sonuna kimi isə daha 4 ədəd “Rafale” döyüş təyyarəsini təhvil aldı.

Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos 2021-ci ilin oktyabrında Böyük Britaniyadan 30 ədəd ikinci əl “Eurofighter Typhoon” döyüş təyyarələri də almaq istədiklərini və bununla bağlı planlarının olduğunu açıqladı. Ancaq Yunanıstan daha sonra bu istəyini F-35-dən yana dəyişdi və onların alınması ilə bağlı ABŞ-a müraciət etdi.

Yuxarıda da qeyd etdiyimiz kimi Yunanıstan HHQ-nin həm “Rafale”, həm də F-35-lərə sahib olması böyük üstünlüyün qazanılması deməkdir. Ancaq burada hər şey təkcə silah sistemini satınalmaq ilə bitmir. Sonrakı mərhələdə bu qırıcılara uçuşdan sonra texniki xidmətin göstərilməsi, ehtiyac yarandığı halda təmir edilməsi və logistika dəstəyinin göstərilməsi lazımdır. Bunun özü belə çox yüksək məbləğlər tələb edən məsələdir. Ona görə, bu qırıcıların uçuşunun hər saatı yüz minlərlə (hər biri üçün) ABŞ dollarının xərclənəcəyi deməkdir. Məhz bir çox hərbi analitikin fikrincə, Yunanıstan bu qırıcıları alsa belə, çox vacib döyüş əməliyyatlarını çıxmaq şərti ilə yerdə qalan tapşırıqların icrasında elə inventarındakı F-16-lardan istifadə edəcək.

Onu da qeyd edək ki, F-35 döyüş təyyarələrinin mənfi sayılacaq xüsisyiyyətlərindən biri hər uçuşdan sonra uzun müddət texniki xidmətin göstərilməsini tələb etməsidir. Bu məsələ intensiv döyüş tapşırılqlarının yerinə yetirilməsi şəraitində həmin platformadan istifadə edən tərəfə bir sıra üstünlüklərin itirilməsinə gətirib çıxara bilər.

Ancaq bütün bunlar nəzərə alınmasa Yunanıstan sözünün həqiqi mənasında böyük üstünlük qazanır.

Türkiyənin F-16 Blok-70 gedişi onun Yunanıstan üzərindəki hegemonluğunu müdafiə etməsinə necə yardım göstərəcək?

Hər kəsin bildiyi kimi F-16 artıq bütün dünyada həyata keçirdiyi uğurlu əməliyyatlar ilə özünün kifayət qədər sübut etmiş platformadır. Onun haqqında əlavə nələrsə yazmağa ehtiyac yoxdur. Lakin texnologiya və döyüş təyyarələri inkişaf etdikcə bu qırıcılar da rəqibləri ilə müqayisə də, geri qalmağa başlayır. Elə bu səbəbdəndir ki, istehsalçı ölkə olan ABŞ onun yeni modifikasiyalarını hazırlayır. Günümüzdə Blok-70 bu versiyaların sonuncusudur və onlar arasında istifida etdiyi elektron sistemlərin müasirliyi ilə ən üstünü sayılır.

Türkiyənin belə olan halda Blok-70 gedişi başa düşüləndir. Rusiyadan alınan S-400 zenit-raket kompleksindən sonra F-35 proqramından çıxarılan və müəyyən sanksiyalar ilə üzləşən Türkiyə F-35-lərin yoxluğunu bu qırıcıların alınması ilə ödəmək istəyir. Türkiyə tərəfindən bu qırıcıların seçilmə səbəbi həm də onunla izah olunur ki, ölkənin Hərbi Hava Qüvvələri artıq F-16-ların işləmə prinsipinə bələddirlər və onun öyrənilməsi üçün əlavə təlimin keçirilməsinə ehtiyac duyulmur.

Türkiyə bununla tərəflər arasındakı texnika fərqini müəyyən qədər bərabərləşdirməyə çalışır. Ancaq bu sözlə deyiləcək qədər asan məsələ deyil. Buradakı əsas məqsəd Türkiyənin yerli 5-ci nəsil döyüş təyyarəsi MMU (Milli Muharip Uçak) layihəsinin həyata keçirilməsinə qədər Yunanıstandan geri qalmamasını təmin etməkdir.

Elşən Abdulkərimov

CATEGORIES
TAGS