Zabitlərin öz arzuları ilə həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir

Zabitlərin öz arzuları ilə həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir

Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir.

“Poliqon” APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

Layihəyə uyğun olaraq, zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək.

Layihəyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) yuxarıda nəzərdə tutulmuş müddətlərə daxil edilməyəcək.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bundan başqa, dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi də dəyişir.

Bu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:

  • müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5yaş;
  • müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş.

Qüvvədə olan qanuna əsasən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:

  • müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş;
  • müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

CATEGORIES