ZAHA amfibiya transportyoru bu il silahlanmaya veriləcək
FNSS şirkəti tərəfindən istehsal olunan amfibiya tipli ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyorunun Türkiyə Silahlı Qüvvələrinə tədarükü 2022-ci ildə başa çatacaq.
Bu barədə FNSS şirkətinin baş direktoru Nail Kurt Poliqon jurnalına müsahibəsində deyib.
“ZAHA layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə 23-ü personal daşıyıcı, 2-si komanda-nəzarət maşını və 2-si xilasetmə maşını olmaqla cəmi 27 ədəd nəqliyyat vasitəsi təhvil verəcəyik. ZAHA layihəsində mühəndislik inkişaf etdirmə fəaliyyətlərimizi tamamlayaraq kalifikasiya mərhələsinə keçdik. Mina testimizi SSB (Müdafiə Sənayesi Başqanlığı) və Hərbi Dəniz Qüvvələri Komandanlığının iştirakı ilə 2021-ci ilin avqust ayında uğurla həyata keçirdik”, – deyə Nail Kurt vurğulayıb.
Baş direktor bildirib ki, hazırda 5 ədəd prototip avtomobilin istehsalı tamamlanıb və seriyalı istehsal fəaliyyətləri davam edir: “2021-ci il ərzində kalifikasiya testlərinin tamamlanması və ilk məhsulu təhvil verməyi planlaşdırdığımız ZAHA layihəsinin 2022-ci il ərzində tamamlanacağını gözləyirik”.