ZAHA zirehli transportyorunun quruda və dənizdə sınaqları davam etdirilir – VIDEO
Türkiyənin FNSS şirkəti tərəfindən hazırlanan amfibiya tipli ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyorunun sınaqları davam etdirilir.
“Poliqon”un məlumatına görə, bununla bağlı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında paylaşım edib.
İsmail Dəmir bildirib ki, dosta güvən, düşmənə qorxu salan ZAHA zirehli transportyoru (ZTR) ona veriləcək tapşırıqları yerinə yetirməyə hazırlaşır: “Mina və ballistik sınaqlar başa çatıb. Etibarlılıq və davamlılıq testləri quruda və dənizdə davam etdirilir”.
Qeyd edək ki, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan ZAHA zirehli maşını TCG Anadolu (L-408) desant gəmisinin texnika ehtiyaclarını ödəyəcək.
Dənizdə saatda 7 düyün, quruda isə saatda 70 km maksimal sürətlə hərəkət edən ZAHA yüksək mobilliyə malikdir. ZAHA-nın zirehli gövdəsi alüminium-maqnezium ərintisindən hazırlanıb və keramik əlavələrdən ibarətdir.
Mina əleyhinə mühafizə elementləri var, ön və yan hissələr (proyeksiyalar) əlavə zireh elementləri ilə örtülüb. Əlavə modulları olan gövdə 14,5 mm-ə qədər çaplı zirehdələn güllələrdən qorunmanı təmin edir. ZAHA ZTR-də 600 at gücünə malik “Caterpillar C13” mühərriki və “Alisson” avtomatik transmissiyası quraşdırılıb.
Şassi altı dayaq vərdənəsinə və torsion asqıya malikdir. Arxa tərəfdə suda hərəkəti təmin edən iki su mühərriki yerləşdirilib. Transportyorun döyüş kütləsi 30 tondur. Zirehli transportyor versiyasında maşına 3 heyət üzvü və 21 desant yerləşir. Maşın suda aşan zaman əvvəlki vəziyyətinə qayıda bilir. Silahlanmasına 12,7 mm-lik pulemyot və 40 mm-lik avtomatik qumbaraatan olan uzaqdan idarə olunan modul daxildir.