MüdafiəXəbərlər

Zakir Həsənov: ADEX-2026 yeni müqavilələr və birgə layihələr üçün geniş imkanlar yaradacaq

Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.

“Poliqon”un xəbərinə görə, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ADEX-2026 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı müraciətdə bildirilib.

Nazir bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılmasına təkan verəcəyinə inandığını vurğulayıb.

“Azərbaycan təhlükəsizliyin və dayanıqlı sülhün qorunması, müdafiə qüdrətinin artırılması məqsədilə beynəlxalq əməkdaşlığa daim açıqdır və bu istiqamətdə tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Regionda sabitliyin təmin edilməsi və irimiqyaslı iqtisadi layihələrin təhlükəsizliyi ölkəmiz üçün prioritetdir.

Bildiyiniz kimi, elmin və texniki tərəqqinin sürətli inkişafı ənənəvi müdafiə üsullarını tədricən yeni yanaşmalarla əvəz edir. İnnovativ həllərin və yüksək dəqiqliyə malik silahların tətbiqi ilə həyata keçirilən təmassız əməliyyatlar hərbi tapşırıqların xarakterini kökündən dəyişir. Neyroşəbəkə, lazer texnologiyalarına əsaslanan vasitələr, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan insansız sistemlər dövlətlərin müdafiə konsepsiyasına tamamilə fərqli baxış tələb edir”, – deyə müdafiə naziri qeyd edib.

Back to top button