Zakir Həsənov Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişafından danışıb
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri İmran Xan arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə dövlətlər arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Sonda ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.