
Zakir Həsənov döyüş hazırlığının yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib
Martın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.
“Poliqon”un məlumatına görə, Müdafiə naziri hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.