Zakir Həsənovla gürcüstanlı həmkarı arasında görüş keçirilib – YENİLƏNİB

Zakir Həsənovla gürcüstanlı həmkarı arasında görüş keçirilib – YENİLƏNİB

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşü çərçivəsində Ankara şəhərinə səfəri davam edir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov ilə gürcüstanlı həmkarı İrakli Çikovani arasında oktyabrın 9-da ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığının regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb.

Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər, üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütün sahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitində firavan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni perspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib.

Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan görüş zamanı İrakli Çikovani bildirib ki, ölkələr arasında mövcud strateji əməkdaşlıq regionun təhlükəsizliyi və inkişafı üçün əsasdır. O, general-polkovnik Zakir Həsənova Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən dəstəyə görə təşəkkür edib.

Gürcüstanın müdafiə naziri Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyanatın tarixi əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bu sənəd Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. İrakli Çikovani bir daha təsdiqləyib ki, Gürcüstan tərəfi regional əməkdaşlığın inkişafına öz töhfəsini verməyə hazırdır.

Nazir Azərbaycanın müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığına diqqət yönəldib. Onun sözlərinə görə, 2025-ci il üçün nəzərdə tutulan ikitərəfli əməkdaşlıq planı çərçivəsində tədbirlər uğurla planlaşdırılıb və həyata keçirilir. Görüş zamanı çoxmillətli birgə hərbi təlimlərdə və hərbi təhsil sahəsində planlaşdırılan kurslarda azərbaycanlı hərbçilərin iştirakına da toxunulub.

CATEGORIES