Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı: düşmənin üçüncü səddinin yarılmasının detalları – FOTOLAR

Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı: düşmənin üçüncü səddinin yarılmasının detalları – FOTOLAR

Bu gün Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin düşməndən azad olunmasından iki il ötür.

“Poliqon”un məlumatına görə, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində vacib əhəmiyyətə malik döyüş əməliyyatlarından biri Araz çayından Cəbrayıl rayonunun mərkəzinə qədər uzanan düşmənin müdafiə xəttinin üçüncü səddinin yarılması olub.

Cənub-qərb istiqamətindəki bu əməliyyatların yerinə yetirilməsi Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi təyinatlı bölmələrinə tapşırılıb.

Bu əməliyatı uğurlu başa çatdıran və Azərbaycanın hərb tarixinə qızıl həriflərlə yazan hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitməyimiz üçün Dövlət Sərhəd Xidməti tərəfindən Cəbrayıl rayonuna media-tur təşkil olundu.

Səfər zamanı Soltanlı və Əmirvarlı istiqamətində döyüşlərin getdiyi ərazilərdə olduq və bu döyüşlərdə iştirak etmiş, fərqlənmiş hərbi qulluqçulardan əldə etdiyimiz məlumat əsasında Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı hesab olunan düşmənin üçüncü səddinin yarılmasının detallarını təqdim edirik.

Əmirvarlı və Soltanlı istiqamətində qızğın döyüşlər gedib

ss 1

Düşmənin müdafiə xəttinin üçüncü səddinin yarılmasının, Əmirvarlı və Soltanlı kəndləri istiqamətindəki əməliyyatların əhəmiyyətini vurğulayan polkovnik Nəsib Mirzəyev bildirdi ki, düşmənin birinci və ikinci dayaq nöqtələri, habelə eşelonları əllərindən çıxdığına görə, bu müdafiə xətti düşmənin bu istiqamətdə son dayaq nöqtəsi idi. Onun sözlərinə görə, Araz çayından Cəbrayıl şəhərinə qədər olan bütün bu dayaq nöqtələrini düşmən demək olar xüsusi təyinatlı bölmələri ilə müdafiə edib: “Çünki onlar bilirdilər ki, bu ərazidə üçüncü dayaq nöqtələri əllərindən çıxdıqdan sonra bizim xüsusi təyinatlı bölmələrimiz üçün dövlət sərhədinin bərpa edilməsi yolunda heç bir maneə qalmır. Düşmənin üçüncü səddi seçməkdə məqsədi buradakı yüksəklikdən 8-10 kilometrə qədər məsafənin düzəngahlıq olması idi. Düşmən elə düşünürdü ki, buradan səddi keçmək üçün biz hər hansısa texnikadan istifadə edəcəyik və onların xüsusi təyinatlıları bizi aşkarlayaraq məhv edəcək. Amma təminat və təchizatımız bizə imkan verdi ki, gecəgörmə və termal cihazlardan istifadə edərək gecənin müxtlif vaxtlarında sızma əməliyyatları ilə bu istiqamətə doğrü irəliləyək.

Bilirsiniz ki, xüsusi təyinatlılar heç vaxt rahat yoldan hərəkət etmir. Planlaşdırıb qərara gəldik ki, Sarıcalı kənd istiqamətindən düşmən arxasına sızaraq onları məhv edək. Çünki bu istiqamətdə bizim üçün daldalanacaq nöqtələr var idi. Məhv etdiyimiz düşmən meyitlərindən demək olar əksəriyyətinin onların xüsusi təyinatlıları olduğu görünürdü. Düşmən buranı müdafiə edə bilməyəcəklərini anlayaraq geri çəkilməyə doğru hərəkət etdilər”.

Polkovnik N.Mirzəyev Əmirvarlı və Soltanlı istiqamətində üçüncü səddin alınmasının heç də asan olmadığını və bunun saatlar yox, günlər çəkdiyini vurğuladı: “Bu istiqamətdə qızğın döyüşlər getdi. Bildirmək istəyirəm ki, ərazi və relyef baxımından burada qarşımıza geniş formada düşmənin mühəndis maneələri çıxırdı. Minalı sahələr həddən artıq çox idi. Qarşımıza əsasən düşmənin hər hansı zavod istehsalı olmayan, əldə düzəldilmiş idarəolunan minaları çıxırdı. Bunlar isə peşəkar istehkamçılarımız tərəfindən aşkar edilirdi”.

DSX polkovniki bu ərazilərin gecə vaxtı Sarıcalı istiqamətindən düşmən arxasına sızaraq səngər və silsilə boyu Cəbrayıl şəhərindən Araz çayına qədər döyüşərək azad olunduğunu dedi.

N.Mirzəyev vurğuladı ki, DSX-nin xüsusi təyinatlıları ən müasir silah və avadanlıqlarla, o cümlədən gecəgörmə və termal cihazları, zirehli gödəkcə və dəbilqələrlə tam təmin edilib. Bundan başqa onlara ən yüksək səviyyədə təlimlər keçirilib. Bütün bunlar DSX-nin xüsusi təyinatlılarına tapşırıqları peşəkarcasına, döyüşərək yerinə yetirmək, düşməni məhv etmək imkanı verib.

Düşmən bu nöqtədə tam rahat müdafiə oluna biləcəklərini düşünürdü

MRS0379

Əmirvarlı və Soltanlı yolununun üzərindəki adsız yüksəkliyin Cəbrayıl istiqamətində düşmənin ən böyük müdafiə xətti olduğunu vurğulayan polkovnik Samir Məmmədov bildirdi ki, döyüş zamanı həmin müdafiə xəttinin xəritəsini ələ keçiriblər. Xəritədə isə düşmənin hansı qaydada və necə müdafiə olunmasə planlı şəkildə göstərilib.

“Bu müdafiə xəttinin yarılması çox çətinliklə alındı. Ona görə ki, ərazinin relyefi genişdir və çox hündürlükdə yerləşən müdafiə xəttidir. Bu müdafiə xətti Araz boyundan Cəbrayılın mərkəzinə qədər olan ərazini əhatə edir və bütün ərazi demək olar qarşı tərəf üçün tam görünəndir. Düşmən bu yerdən ərazidəki texnikanın və piyadaların bütün hərəkətini görə bilir. Onlar burada bütün qüvvələrini cəmləşdirərək müdafiə olunurdu. Çünki bu nöqtədə tam rahat müdafiə oluna biləcəklərini düşünürdülər.

Amma biz onların bütün planlarını pozaraq bu müdafiə xəttinə xüsusi taktiki gedişlərlə daxil olduq. Bizim qüvvələr səngərin demək olar ki, orta xəttindən daxil oldu və düşmən təşvişə düşdü. Araz istiqamətindəki bütün qüvvələrini Cəbrayılın mərkəzinə doğru olan səngərlərə cəmləşdirdilər. Burada düşmən artıq gücünün yarısını itirdi. Amma buna baxmayaraq düşmən yenə döyüşməyə davam edirdi”.

Hətta düşmən qırıcıları da üstümüzə göndərildi

S.Məmmədov bildirdi ki, düşmənlə yaxın məsafədən döyüşdükləri üçün artilleriyanın köməyindən istifadə edə bilməyiblər. Ancaq şəxsi heyətin xüsusi bacarığı nəticəsinidə bu müdafiə xətti darmadağın edilib.

“Bu müdafiə xəttinin dağıdılması işğaldan tam azad edə biləməyimiz üçün bizə qarşıda böyük bir ərazi buraxdı və Xudafərin, Zəngilan, Qubadlı istiqamətində yolu tam açdı. Müdafiə xəttini yarandan sonra, qüvvələri aşağıdakı Soltanlı kəndi istiqamətində cəmləşdirdik ki, oradan artıq Xudafərin, Zəngilan, Qubadlı istiqamətinə hərəkət edək.

Burada, hətta düşmənin döyüş təyyarələri də üstümüzə göndərildi. Bizim hava hücumundan müdafiə sistemlərinə yaxalanmasınlar, vurulmasınlar deyə düşmənin iki ədəd Su-25 təyyarəsi çox aşağı məsafədən üzərimizdən uçurdu. Bəlkə şansımızdan və ya düşmən pilotlarının peşəkar olmamasından irəli gəlirdi ki, onlar başımızın üzərindən keçdilər, amma atdıqları bomba 200-300 metr sapma ilə uzaqlıqdakı ərazini darmadağın etdi.

İkinci dəfə manevr edəndə isə düşmənin hərbi təyyarələridən biri bizim “İqla S”lərin atışı nəticəsində Soltanlı kəndi istiqamətində vuruldu. Bundan sonra, düşmənin təyyarəsi bizə yaxınlaşmadı”, – deyə polkovnik S.Məmmədov vurğuladı.

S.Məmmədovun sözlərinə görə, düşmənin üçüncü müdafiə xəttinin yarılmasının ardından qısa müddət sonra, növbəti günlər ardıcıllıqla Xudafərin qəsəsbəsi, Zəngilan və Qubadlı şəhərləri Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildi və Ali Baş Komandana məruzə olundu.

Düşmən bizi səngərində gördükdə artıq onlar üçün gec idi

MRS0362 e1666190854835

Vətən müharibəsinin iştirakçısı olan DSX-nin zabiti, polkovnik-leytenant Ələddin Tağıyev Cəbrayıl rayonunun Kavdar və Mirək kəndi istiqamətində düşmənin üçüncü səddinin yerləşdiyi ərazini göstərərək qeyd etdi ki, üçüncü sədd Araz çayı boyundan başlayaraq Cəbrayıl rayonunun yuxarı hissəsində olan adsız yüksəkliklərə doğru uzanırdı.

“Üçüncü sədd düşmənin arxada olan digər ehtiyyat hərbi hissələrinin, silah-sursatının, texnikalarının daha çox cəmləşdiyi eşelon idi ki, bu bir və ikinci səddə nisbətən daha çox gücləndirilmişdi. Bu sədd irəliləyən bölmələrin qarşısını almaq üçün yaradılmışdı. Müharibənin ilk günlərində düşmənin birinci və ikinci səddi yarıldı. Birinci və ikinci səddə nisbətən düşmən üçüncü səddə bir az daha artıq müqavimət göstərdi. Amma buna baxmayaraq bizim qüvvələrin döyüş qabiliyyəti, hazırlığı, torpaqların azad olunması uğrundakı əzmi, fədakarlığı sayəsində düşmənin üçüncü səddi də yarıldı”, – deyə polkovnik-leytenant Ə.Tağıyev vurğuladı.

Onun sözlərinə görə, düşmən əsasən üçüncü səddə texnikanın və cəmlənmiş heyətin hücumunu gözləyirdi: “Biz ərazinin kəşfini apardıqdan sonra, belə başa düşdük ki, onlar bizi kiçik qruplar halında gözləmir. Biz də ərazinin relyefindən istifadə edərək kiçik qruplar halında sızma əməliyyatı ilə düşmənin üçüncü səddinə yaxınlaşdıq və onların səngərinə daxil olduq. Düşmən bizi səngərində gördükdə artıq onlar üçün gec idi. Düşmənin bu səddə bir çox heyəti məhv edildi, bir çox heyəti isə Qubadlı rayonu istiqamətinə doğru qaçıb getdilər”.

Ə.Tağıyev bildirdi ki, onların bu istiqamətdə əsas tapşırıqları Qubadlıdan düşmənə gələn təminat yolunun bağlanması, nəzarət altında saxlanması, daha sonra Araz boyuna, Əmirvarlı kəndinə doğru hərəkət edib orada qalan düşmənin müqavimətini qırmaq idi. Çünki bu istiqamətlər bağlandıqdan sonra Əmirvarlıda düşmən çox ciddi müqavimət göstərə bilməzdi.

“Onlara əlavə təminat gələn yolları bizim nəzarətimizdə idi. Tapşırığımız bu istiqamətin yarılması, Əmirvarlıda qalan düşmənin məhv olunması və daha sonra Solatanlı kəndi istiqamətinə hərəkət edərək Xudafərin körpüsünü, tarixi abidəmizi düşmən tapdağından azad etmək idi. Biz buna nail olduq”, – deyə polkovnik-leytenant Ə.Tağıyev bildirdi.

Amma çox təəssüflər olsun ki, Ə.Tağıyev üçüncü sədd yarıldıqdan və düşməndən təmizləndikdən sonra, artilleriya atəşi nəticəsində yaralanıb. Amma buna baxmayaraq onların digər bölmələri verilmiş tapşırığı uğurla yerinə yetiriblər. Düşmənin üçüncü səddə qalan heyəti tam şəkildə məhv elədikdən sonra, Soltanlı kəndi və Xudafərin körpüsü azad olunub. Daha sonra, yuxarıda da qeyd olunduğu kimi Zəngilan rayonuna doğru hərəkət edərək rayon mərkəzini və bir neçə kəndi tam şəkildə düşmən tapdağından azad ediblər.

Poliqon.az

CATEGORIES
TAGS