Əlcəzair PDM parkını təkmilləşdirir

Əlcəzair PDM parkını təkmilləşdirir

Əlcəzair 360 ədəd Sovet istehsalı olan tırtıllı piyadanın döyüş maşınlarını (PDM) BMP-2M səviyyəsinə qədər təkmilləşdirib.

“Poliqon” “Army Recognition” portalına istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.

Təkmilləşdirmə “Berejok” döyüş qülləsinin quraşdırılması üsulu ilə yerinə yetirilib. Rusiya istehsalı olan “Berejok” döyüş qülləsi 30 mm-lik 2A42 avtomatik topu, 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı, 7,62 mm-lik PKT pulemyotu və 4 ədəd “Kornet” tank əleyhinə raketlə silahlanıb.

2021-ci il hərbi balans məlumatlarına görə, Əlcəzair ordusunda 285 ədəd BMP-1, 304 ədəd BMP-2, 400 ədəd BMP-2M “Berejok” və 100 BMP-3 daxil olmaqla, ümumilikdə 1089 PDM istismar edilir.

BMP-2M Əlcəzair ordusunun silahlanmasında olan PDM parkını təkmilləşdirmək üçün 2005-ci ildə hazırlanıb.

B05Ya01 “Berejok” döyüş qülləsi BMP-2 PDM-in klassik qülləsidir, lakin yenilənmiş silah sisteminə malikdir: tuşlayıcının BPK-2-42 əsas nişangahının əvəzinə vizirləmə xəttini iki müstəvidə müstəqil sabitləşdirən sistemli kombinə edilmiş yeni nişangah quraşdırılıb. Nişangah sistemində optik, termal və lazer məsafəölçmə kanalları, həmçinin raketi idarəetmə kanalı birləşdirilib.

BMP-2M silahlanmasına tank əleyhinə idarə olunan “Kornet” raketləri daxildir. İdarəetmə lazer şüası üzrə yerinə yetirilir və hərəkət edərkən də aparıla bilir. Kompleks avtomatik olaraq iki saniyəyə qədər intervalla iki raket buraxma qabiliyyətinə malikdir.

Qeyd edək ki, təkmilləşdirilməmiş BMP-2 PDM  “Faqot” və “Konkurs” tank əleyhinə idarə olunan raketlərlə təchiz edilib. Bu sistemlər yerindən tək bir atəş edə bilir və heyət raket olan konteynerləri buraxılışdan əvvəl əl ilə quraşdırmalıdır.

Düşmən texnikaları və piyadaları ilə mübarizə aparmaq üçün 30 mm-lik 2A42 avtomatik topu nəzərdə tutulub. Qüllənin arxa hissəsində 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı yerləşdirilib. Əlavə silah olaraq isə qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotu quraşdırılıb.

Döyüş dəstləri belədir: “Kornet” TƏİR 4 ədəd, 2A42 topu üçün 500 ədəd atəş yığmı, AQ-30M qumbaraatanı üçün 300 ədəd atəş yığımı və PKT pulemyotu üçün 2000 ədəd patron.

Bu kompleks yeni atəşi idarəetmə sistemi ilə də təchiz olunub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS