
İtaliya Silahlı Qüvvələrinə JUMP 20 PUA-ları tədarük olunacaq
ABŞ-ın “AeroVironment” (AV) şirkəti İtaliya Silahlı Qüvvələrinə JUMP 20 pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.
“Poliqon” “AeroVironment”ə istinadən xəbər verir ki, bunun üçün şirkət İtaliya Müdafiə Nazirliyi tərəfindən 46.6 milyon ABŞ dolları dəyərində müqaviləyə layiq görülüb.
Müqavilə JUMP 20 PUA-larının tədarükü ilə yanaşı, onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsini də əhatə edir.
Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətinə sahib olan sabit qanadlı JUMP 20 pilotsuz uçuş aparatının faydalı yük götürmə qabiliyyəti 30 funt, havada qalma müddəti 13+ saat və əməliyyat məsafəsi 185 kilometrdir.
Kəşfiyyat missiyalarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş PUA asanlıqla saxlanıla və daşına bilər. JUMP 20, personalın müdaxiləsi olmadan avtonom şəkildə işə salına bilər ki, bu da onu aktiv hərəkətdə olan bölmələrin yerinə yetirdiyi əməliyyatlar üçün uyğun edir.