
Ankara Hərbi Attaşelər Birliyi MKE şirkətinə məxsus fabrikləri ziyarət edib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bu sayədə müxtəlif ölkələrin Türkiyədə fəaliyyət göstərən hərbi nümayəndələrindən ibarət heyət şirkətin istehsal imkanları və məhsulları ilə yerində tanış olmaq imkanı əldə edib.
Bildirilib ki, ABŞ, Böyük Britaniya və Fransanın da daxil olduğu 32 ölkədən 36 hərbi attaşenin ilk səfər etdiyi müəssisə Ankarada yerləşən “ MKE Qazi Sursat Zavodu” (“ MKE Gazi Fişek Fabrikası”) olub. Hərbi attaşelərə fabrikin 10 müxtəlif çapda 54 növ yüngül silah sursatı istehsal etdiyi və illik istehsal gücünün 250 milyondan çox olduğu barədə məlumat verilib.
Daha sonra Ankaradan Kırıkkaleyə keçən xarici hərbi attaşelər “MKE Silah Zavodu”nda şirkətin imzasını daşıyan avotmat və snayper tüfəngləri barədə məlumatlandırılıb. İstehsal xətlərinə baxış keçirdikdən sonra atış poliqonuna keçən hərbi attaşelər türk mühəndisləri tərəfindən hazırlanmış MPT-55 avtomatından atəş açıblar.
Silah zavodundan sonra heyət “MKE Sursat Zavodu”nu da ziyarət edib. Müəssisədə 25 mm-dən 203 mm-ə qədər müxtəlif çaplı zenit, minaatan, tank və haubitsa sursatlarının, həmçinin aviasiya bombalarının istehsal prosesləri barədə məlumat verilib.







