
Çexiya və Azərbaycan aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Çexiya istehsalı olan L-39NG (“Skyfox”) təyyarələrinin tədarükü imkanlarını nəzərdən keçirir.
“Poliqon” xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Dublində jurnalistlərə açıqlamasında bildirib.
A.Babiş vurğulayıb ki, Praqa Bakıya ““AERO Vodochody AEROSPACE” şirkəti tərəfindən istehsal olunan modernləşdirilmiş L-39NG təlim-döyüş təyyarələrini təklif edir. Bu təyyarələr beynəlxalq bazarda pilotsuz uçuş aparatları ilə mübarizə üçün sərfəli vasitə kimi təqdim olunur.
“Bu təyyarə tədricən “Drone Hunter” (dron ovçusu) kimi əla reputasiya qazanır. Onun istismar xərcləri daha aşağıdır və PUA-ları məhv etmək üçün onlara bir milyon avroluq raketlə F-16 göndərməkdənsə, daha ucuz vasitələrdən istifadə etmək məntiqlidir”, – deyə Çexiyanın Baş naziri bildirib.
Xatırladaq ki, Ermənistan da Çexiyadan L-39NG təlim-döyüş təyyarələri satın alıb.





