
“Bayraktar TB2” PUA-larına inteqrasiya edilən ASELSAN şirkətinin ANTIDOT 2ES 100 elektron dəstək podu, ANTIDOT 2EA 200 elektron müharibə podu və FULMAR 200 sintetik aperturlu radar (SAR) (SAR) podu uğurla sınaqdan keçirilib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, Konya şəhərində keçirilən nümayiş sınağında 18 ölkədən beynəlxalq müdafiə nümayəndə heyətləri iştirak edib.
Sınaq çərçivəsində “Bayraktar TB2” üzərində fəaliyyət göstərən ANTIDOT və FULMAR podları koordinasiyalı şəkildə işləyərək elektron dəstək, elektron hücum, kəşfiyyat və müşahidə imkanlarını vahid əməliyyat ssenarisində nümayiş etdirib.
Sınaq zamanı bir “Bayraktar TB2” PUA-sına ANTIDOT 2ES 100 və ANTIDOT 2EA 200, digər “Bayraktar TB2”yə isə FULMAR 200 podu inteqrasiya olunub.
İlk sınaqda ANTIDOT sistemi uçuşda olarkən hədəfin radar sistemini aşkarlayıb və onun mövqeyini müəyyənləşdirib. Elektron dəstək podunun əldə etdiyi hədəf məlumatlarının ötürülməsindən sonra ANTIDOT vasitəsilə hədəfə elektron hücum həyata keçirilib. Bununla da ANTIDOT sistemləri ilə təchiz edilmiş “Bayraktar TB2”nin aşkar edilmədən hədəfə yaxınlaşması təmin olunub.
İkinci mərhələdə ANTIDOT sistemi başqa bir hədəfi aşkarlayaraq onun mövqeyini müəyyənləşdirib. Hədəfin mövqeyi barədə məlumat FULMAR 200-ə ötürüldükdən sonra sistem yüksək ayırdetmə qabiliyyətinə malik SAR görüntüsü yaradıb və hədəfin dəqiq mövqeyini müəyyənləşdirib.
Sınaqlar iki “Bayraktar TB2” üzərində aşkarlama və mövqenin müəyyənləşdirilməsi, elektron hücum və yüksək ayırdetmə qabiliyyətli görüntüləmə imkanlarını vahid əməliyyat dövründə birləşdirib.
Tədbir çərçivəsində ANTIDOT sistemi “Bayraktar TB2” üzərində real radar sistemlərinə qarşı ilk dəfə sınaqdan keçirilib. Eyni zamanda, ANTIDOT və FULMAR sistemlərinin birgə işləmə qabiliyyəti də uğurla nümayiş olunub.
ANTIDOT 2ES 100 elektron dəstək sistemi hava hücumundan müdafiə sistemlərinə məxsus radarların siqnallarını aşkarlamaq, identifikasiya etmək, siqnalları rəqəmsal formada qeydiyyata almaq, təhdidin istiqamətini və mövqeyini dəqiq müəyyənləşdirmək imkanlarına malikdir.
Sistem istifadəçi üçün zəruri hesab edilən bütün məlumatları real vaxt rejimində hava platformasının rabitə kanalı vasitəsilə yerüstü idarəetmə stansiyasına ötürə bilir.
Kompakt ölçüsü, aşağı çəkisi və optimallaşdırılmış enerji sərfiyyatı sayəsində pilotsuz uçuş aparatlarına asanlıqla inteqrasiya edilə bilən ANTIDOT 2EA 200 isə elektron dəstək və elektron hücum imkanlarına malikdir.
Sistem düşmənin hava hücumundan müdafiə sistemlərini və onların istiqamətini müəyyən edir. Həmin sistemlərin axtarış və izləmə radarlarının siqnal xüsusiyyətlərini ətraflı şəkildə ölçərək əldə olunan məlumatlardan təhdidlərin müəyyənləşdirilməsi üçün istifadə edir.
Tam avtonom fəaliyyət göstərə bilən sistem əvvəlcədən yüklənmiş elektron hücum üsullarından istifadə etməklə hava hücumundan müdafiə sistemlərinin radarlarına qarşı elektron hücum həyata keçirir.
FULMAR 200 pilotlu aviasiya vasitələrində və pilotsuz uçuş aparatlarında kəşfiyyat və müşahidə məqsədilə istifadə üçün hazırlanmış, yüngül, kompakt və aşağı enerji sərfiyyatına malik yeni nəsil sintetik aperturlu radar (SAR) sistemi kimi diqqət çəkir.
FULMAR 200 istənilən hava şəraitində, gecə və gündüz “Spotlight” və “Stripmap” SAR rejimlərində fəaliyyət göstərə bilən, AESA arxitekturasına malik kəşfiyyat-müşahidə radar sistemidir.
Qanad altına və ya hava platformasının gövdəsinə inteqrasiya edilə bilən pod formasında hazırlanan FULMAR 200, bununla yanaşı EO/IR kameralarla birlikdə də istifadə oluna bilir.





