SərgilərXəbərlər

“Euronaval 2026”: ASELSAN geniş çeşiddə dəniz müdafiə texnologiyalarını nümayiş etdirir

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN Parisdə keçirilən “Euronaval 2026” sərgisində geniş çeşiddə dəniz müdafiə sistemlərini təqdim edir.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, sərgidə ilk dəfə təqdim olunan GÖKDENİZ-in daşına bilən konfiqurasiyası döyüş şəraitində sınaqdan çıxmış KORKUT hava hücumundan müdafiə (HHM) sisteminin dəniz variantıdır.

Yeni konfiqurasiya sistemin yaxın məsafədən hava hücumundan müdafiə imkanlarını müstəqil, konteyner əsaslı həll şəklində təqdim edir. Daşıyıcı platformadan asılı olmayaraq fəaliyyət göstərmək üçün nəzərdə tutulan sistem öz enerji təchizatı mənbəyinə və operator iş yerinə malikdir. Bu xüsusiyyətlər onun mülki gəmilərdə və digər mühüm obyektlərdə qısa müddətdə quraşdırılmasına imkan verir. Sistem həmçinin ehtiyac yaranan əraziyə köçürülərək yenidən yerləşdirilə bilər. Bu, strateji əhəmiyyətli və mürəkkəb sulardan keçən ticarət gəmilərinin və neft tankerlərinin mühafizəsi üçün çevik həll təklif edir.

Konteynerləşdirilmiş GÖKSUR VLS konfiqurasiyası isə quru və dəniz platformaları üçün modul tipli yaxın məsafəli raketdən müdafiə sistemi  həllidir. Atəş idarəetmə mərkəzi (FCC) konteyneri və buraxılış qurğusu konteynerindən ibarət olan sistem müstəqil fəaliyyət göstərmək üçün öz sensorlarını, buraxıcı qurğularını və daxili elektrik generatorlarını özündə birləşdirir. Bu da onun daşıyıcı platformada daimi quraşdırmaya ehtiyac olmadan sürətlə yerləşdirilməsinə imkan verir.

ASELSAN sərgidə suüstü və sualtı insansız dəniz aparatları (İDA) sahəsindəki imkanlarını da nümayiş etdirir. Bu çərçivədə TUFAN suüstü kamikadze İDA-sı və KILIÇ sualtı kamikadze İDA-sı təqdim olunur. Bu sistemlər avtonom əməliyyat imkanlarını həm suüstü, həm də sualtı mühitə genişləndirir.

Şirkət, həmçinin yeni hazırladığı SMASH 30 məsafədən idarə olunan sabitləşdirilmiş dəniz silah sistemini nümayiş etdirir. Bu sistem məsafədən idarə olunan dəniz silahlarının yeni nəslini təmsil edir. Süni intellekt dəstəkli hədəf aşkarlama, təsnifat və izləmə imkanlarını qabaqcıl elektro-optik texnologiyalar və ATOM 30 proqramlaşdırıla bilən ağıllı döyüş sursatı ilə birləşdirən SMASH 30 asimmetrik suüstü təhdidlərə və yeni yaranan hava təhdidlərinə qarşı mübarizə üçün nəzərdə tutulub.

“Euronaval” sərgisində ASELSAN sualtı qayıqlar üçün elektro-optik kəşfiyyat və müşahidə təyinatlı MERCAN 100 optronik periskop sistemini, eləcə də AINEO BOX süni intellekt əsaslı həllini təqdim edir. AINEO BOX elektro-optik sistemlərin imkanlarını real vaxt rejimində təsvirlərin emalı, hədəflərin avtomatik aşkarlanması, təsnifatı və izlənməsi funksiyaları ilə genişləndirir. Bu texnologiyalar təkmilləşdirilmiş sensor imkanları, intellektual təsvir emalı və müxtəlif platformalara inteqrasiya hesabına dənizdə situasiya məlumatlılığının artırılmasına yönəlib.

ASELSAN-ın İdarə Heyətinin sədri və baş direktoru Ahmet Akyol bildirib ki, müasir dövrdə dəniz təhlükəsizliyi mühiti operativ ehtiyaclara və dəyişən təhdidlərə çevik cavab verə bilən həllər tələb edir.

“Daşına bilən GÖKDENİZ və GÖKSUR konfiqurasiyaları ilə biz formalaşmış hava hücumundan müdafiə imkanlarımızı çevik və sürətli şəkildə yerləşdirilə bilən mühafizəyə ehtiyac duyulan platformalara və mühitlərə genişləndiririk. TUFAN və KILIÇ daxil olmaqla avtonom sistemlərimiz dəniz əməliyyatlarında insansız imkanların artan roluna cavab verir. Dəniz silah sistemləri və optronik texnologiyalarımız isə süni intellekt və elektro-optik sistemlər sahəsindəki yeniliklərdən faydalanmağa davam edir. Pilotsuz uçuş aparatları üçün faydalı yük texnologiyalarını operativ tələblərə uyğun qısa müddətdə adaptasiya etmək sahəsindəki təcrübəmizə əsaslanaraq, eyni çevikliyi dəniz sahəsinə də gətirməyi və dünyanın müxtəlif ölkələrinin hərbi dəniz qüvvələrinə əməliyyatlara hazır həllər təqdim etməyi hədəfləyirik”, – deyə Ahmet Akyol vurğulayıb.

ASELSAN GOKDENIZ

Back to top button