DənizXəbərlər

5 Avqust – Azərbaycan Hərbi Dəniz Qüvvələri Günüdür

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, Azərbaycanda hər il avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.

“Poliqon”un məlumatına görə, Azərbaycanın Hərbi Dəniz Qüvvələri (HDQ) 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb.

Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılıb və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılıb.

Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məşğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.

1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılıb. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paroxodu, həmçinin lazımi qədər kater var idi.

Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradılıb.

Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris sülh konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqlar, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vəsaitlərlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət edilib, 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri və dəniz artilleriya silahları sifariş olunub. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmayıb.

Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olunub. Sabiq SSRİ-nin tərkibində olub müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və hərbi gəmilərinin 25 faizinə sahib olub.

26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırılıb və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başlayıb. İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil olub. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlayıb.

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırılıb. Tabor Ağdam-Tərtər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 19 aprel 1994-cü il tarixində cəbhə bölgəsinə göndərilib və 25 iyul 1994-cü il tarixində vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə qayıdıb.

4 noyabr 1997-ci il tarixli “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edilib. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırılıb.

Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olunub. Kater 22 iyul 2000-ci ildə İzmir şəhərindən səfərə başlayıb, 3 dövlətin (Türkiyə, Ukrayna, Rusiya) ərazisindən, 5 dənizi (Egey, Mərmərə, Qara, Azov, Xəzər), 3 boğazı (Çanaqqala, İstanbul, Kerç), 2 çayı (Don, Volqa) və onları birləşdirən 18 hovuzu keçərək 2345 dəniz mili məsafəni qət edib və 7 avqust 2000-ci ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən əsas bazaya gətirilib.

Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlı mərkəzinin şəxsi heyəti Türkiyə və ABŞ Dəniz Piyadaçıları ilə bir sıra birgə təlimlərdə iştirak edib. Zabit kadrlarının ixtisas hazırlığının yüksəldilməsi məqsədilə bir sıra xarici ölkələrlə təcrübə mübadilələri aparılıb, zabit heyətinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunub.

Döyüş hazırlığı planına əsasən Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafizəsinin təmin edilməsi üzrə hər il Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və hərbi gəmilərinin iştirakı ilə Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı birgə təlimlər keçirilir. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində davamlı iş aparılır.

Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və gəmiləri Silahlı Qüvvələrin yaranmasının 90 və 95 illik yubileylərinə həsr olunmuş hərbi paradlarda, həmçinin gəmilərin təntənəli düzülüşü və keçidində iştirak edib.

2005-ci ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin Həştərxan şəhərinə dostluq səfəri çərçivəsində Rusiyanın Xəzər Hərbi Donanmasına ziyarətlər təşkil olunub. 2012-ci ilin oktyabrında və 2013-cü ilin avqustunda Xəzər Hərbi Donanmasının Bakıya yoldaşlıq səfəri, 2013-cü ilin sentyabrında isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Rusiyanın Həştərxan vilayətinə səfəri təşkil olunub. Ziyarət proqramı çərçivəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-121 gözətçi gəmisini ziyarət ediblər.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Hərbi Dəniz Qüvvələri üçün tikilən yeni bazada tikinti-tamamlanma işləri davam edir. Yeni bazada müasir standartlara cavab verən qərargah, körpülər, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi şəhərcik tikilir, kommunikasiya və digər infrastruktur yaradılır. Perspektivdə yeni gəmilərin inşası, müxtəlif tipli gəmi və katerlərin modernləşdirilməsi nəzərdə tutulur.

Back to top button