848 saylı hərbi hissənin yaradılmasından 32 il ötür
Bu gün 848 saylı Füzuli özünümüdafiə taborunun (əlahiddə hərbi hissə) yaradılmasından 32 il ötür.
“Poliqon”un məlumatına görə, Zahir Həsənovun komandir olduğu tabor Füzuli rayonunun ərazilərinin müdafiəsinin təşkilində iştirak edib. 1993-cü ilin dekabr ayında 848 saylı tabor ləğv edilərək, əsasında 702 saylı hərbi hissənin 2-ci motoatıcı taboru yaradılıb və Z. Həsənov tabor komandiri təyin olunub.
İkinci tabor Horadiz əməliyyatında zərbə qüvvəsi kimi iştirak edərək, hərbi hissənin digər bölmələri ilə əlaqəli şəkildə düşmənin müdafiəsini yarıb, qısa müddətdə 12 yaşayış məntəqəsinin işğaldan azad edib. Hücumun birinci günü düşmənin 80-dan çox canlı qüvvəsi, 2 ədəd T-72 tankı məhv edilib, 2 tankı (449 və 161 nömrəli T-72) qənimət götürülərək, ehtiyatda olan ekipaj cəlb edilməklə hücumun davam etdirilməsində istifadə olunub, sursat daşıyan bir ədəd ZİL, bir ədəd “KamAZ” yük maşını, “Şturm-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 4 ədəd MT-LB, 4 ədəd 122 mm D-30 haubitsa qənimət götürülüb.
848 saylı hərbi hissənin komandiri olmuş Z. Həsənov “Poliqon”a açıqlamasında bildirib ki, 848 saylı hərbi hissə 1992-ci ildə ilk yaradılan hərbi hissələrdən biri olub: “Hərbi hissə Müdafiə Nazirliyinin 1992-ci il 21 fevral tarixli 032 saylı əmrinə əsasən, Füzuli rayonunda yaradılıb. Onun yaradıcısı və ilk komandiri mən olmuşam. Füzuli rayonunun Cəbrayıl rayonu ilə sərhəddindən Füzulinin Cuvarlı kəndinə qədər olan böyük bir ərazinin müdafiəsini 848 saylı hərbi hissəyə tapşırılıb. Hərbi hissə ilkin dövrdə Füzuli rayonunun İşıqlı kənddində yaranıb və kənd məktəbinin binasında yerləşib. Müharibə olduğu üçün dərslər dayandırılmış və məktəbi bizim sərəncamımıza vermişdilər.
İlk əsgərlərim Füzuli rayonunun İşıqlı, Cuvarlı, Arış, Qoçəhmədli, Xələfşə və düşmənlə təmas xəttində olan digər sərhəd kəndlərindən olub. Hərbi hissənin şəxsi heyəti həmin əsgərlərdən könüllü şəkildə təşkil olunub”.
Z. Həsənovun sözlərinə görə, 848 saylı hərbi hissə 1993-cü ilin avqust ayına qədər bütün müdafiə xətlərini yaxşı şəkildə qoruyub saxlaya bilib və hətta bir neçə dəfə hücum əməliyyatları həyata keçirib. Məşhur Məlikcahan əməliyyatı və Hadrut istiqamətindəki əməliyyat bunlardan bəziləridir.
“Füzuli rayonu işğal edildikdən sonra, 702 saylı hərbi hissə ilə birlikdə Seyfəli poliqonuna yollandıq. Seyfəli poliqonunda da hərbi hissəni birləşdirmək qərarı verdilər. Beləliklə, 848 saylı Füzuli özünümüdafiə taborunu 702 saylı hərbi hissənin tərkibinə verdilər. Bundan sonra həmin hərbi hissənin tərkibində bizim taborun bazası əsasında yaradılmış 2-ci batalyon təşkil edildi. Bu batalyona komandir təyin edildim. 2-ci batalyon olaraq Seyfəli poliqonunda təlim-məşq keçdikdən sonra Füzuliyə qayıtdıq və məşhur Horadiz əməliyyatını həyata keçirdik. Bilirsiniz ki, Horadiz əməliyyatı Azərbaycan Ordusunun ilk böyük qələbələrindən biri sayılırdı. Bu əməliyyatla 30 min ha ərazini, 22 kənd və 1 qəsəbəni azad etdik. Bundan sonra 848 saylı hərbi hissə 2-ci batalyon olaraq 702 saylı hərbi hissənin tərkibində qaldı”, – Z. Həsənov qeyd edib.
Z.Həsənov 848 saylı hərbi hissənin bir qrup şəxsi heyətinin 44 Günlük Vətən müharibəsində də iştirak etdiyini xatırladıb: “27 sentyabr tarixində mən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdim və onlardan icazə istədim. Çünki bilirdik ki, hərbi komissarlıqlar bizi döyüşə göndərməyəcək. Daha sonra Müdafiə Naziriliyi köhnə döyüşçülərdən ibarət qrup yaratmaq üçün mənə icazə verdi. Biz 72 nəfərdən ibarət şəxsi heyət yaratdıq ki, bunun da əsas tərkib hissəsi keçmiş 848 nömrəli hərbi hissənin əsgərlərindən ibarət idi. Onların komandiri mən idim. Biz bölük kimi “N” saylı hərbi hissənin tərkibinə verilmişdik. Biz bölük olaraq döyüşlərə qatıldıq və Cəbrayılın, Xocavəndin, Füzulinin işğaldan azad edilməsində iştirak etdik”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər orden və medallarla təltif olunublar. Təltif olunanlar arasında 1992-1994-cü illərdə Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmiş Zahir Şamxal oğlu Həsənov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Bundan başqa, Zahir Həsənov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.