Almaniya Silahlı Qüvvələri üçün “Dynahawk” nişangahları alınır
HENSOLDT şirkəti Almaniya Silahlı Qüvvələrini (Bundesver) “Dynahawk” atəşi idarəetmə nişangahları ilə təmin edəcək.
“Poliqon” HENSOLDT-a istinadən xəbər verir ki, bununla bağlı şirkət və Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) arasında müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, “Dynahawk” nişangahlarının çatdırılması 2024-2025-ci illər ərzində həyata keçiriləcək.
“Dynahawk” 5.5x optik böyüdücü və lazer məsafəölçəninə malikdir. Ətraf mühit məlumatlılığı üçün müxtəlif sensorlar ilə təchiz edilmiş atəşi idarəetmə nişangahının ballistik kompüteri sabit və hərəkətli hədəfləri aşkarlamaq üçün bir neçə rejimə malikdir. Eyni zamanda, bu kompüter sayəsində “Dynahawk” buraxıcı qurğuya yüklənmiş sursatları avtomatik olaraq tanıyır və müvafiq ballistikanı hesablayır.
“Dynahawk”da atəş nöqtəsini proqramlaşdırmaq üçün seçim variantları da var. Bu isə hədəfə dəymədən havada partlayan sursatları dəqiqliklə istifadə etməyə imkan verir.