
Türkiyə, Azərbaycan və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala və ortaq maraqlara malikdir.
“Poliqon” “Report”a istinadən xəbər verir ki, bu barədə “TABA-AmCham”ın müdafiə, aviasiya və kosmik sənaye komitəsinin sədri Mərt Ünsal Bakıda keçirilən İnvestisiyalar və işgüzar əlaqələrin qurulması üzrə Avrasiya Sammitində bildirib.
O qeyd edib ki, mövcud məlumatlara əsasən, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməliyyatların həcmi 160-197 milyon ABŞ dolları təşkil edir, Türkiyə və ABŞ arasında isə bu göstərici 1,2-1,4 milyard ABŞ dolları aralığındadır: “Bununla belə, ABŞ və Azərbaycan arasında müdafiə sahəsindəki qarşılıqlı fəaliyyətin maliyyə həcmi barədə məlumat naməlum olaraq qalır”.
M. Ünsalın sözlərinə görə, müasir beynəlxalq münasibətlərin tendensiyaları və qarşılıqlı asılılıq prinsipi təkcə qlobal iqtisadiyyatda deyil, həm də hərbi-sənaye istehsalı sektorunda getdikcə daha aydın şəkildə özünü göstərir: “Hazırda hər üç dövlətin ortaq maraqları bir çox sahədə üst-üstə düşür. Raket kompleksləri, aviasiya texnikası və ya pilotsuz uçuş aparatları kimi müasir yüksək texnologiyalı müdafiə təyinatlı məhsulların istehsalı müxtəlif ölkələrdən komponentlərin tədarükünü və kooperasiyanı nəzərdə tutur. Belə texnoloji zəncirləri səmərəli şəkildə qurmaq bacarığı beynəlxalq ittifaqların konfiqurasiyasına və təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir”.
Komitə rəhbəri vurğulayıb ki, üçtərəfli əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan, Türkiyə, ABŞ müəssisələri arasında kooperasiya nəzərəçarpan iqtisadi nəticə təmin edə və regional təhlükəsizlik səviyyəsini yüksəldə bilər.
Bununla yanaşı, o, biznes mühitindəki şərtlərin fərqli olduğuna diqqət çəkib: “Əgər ABŞ bazarı ilə tərəfdaşlıq iri subsidiyalara çıxış imkanı verirsə, lakin mürəkkəb lisenziyalaşdırma prosedurlarından keçmək zərurəti ilə müşayiət olunursa, Türkiyənin müdafiə və kosmik sənayesi ilə əməkdaşlıq daha böyük çeviklik və kommersiya əlçatanlığı ilə xarakterizə olunur. Məsələn, əgər Azərbaycan şirkəti istehsalını ABŞ-də yerləşdirirsə, orada əhəmiyyətli güzəştlərdən və subsidiyalardan yararlanmaq, həmçinin bu bazara çıxış əldə etmək mümkündür. Ancaq müəyyən bir çətinlik var: 18-ə yaxın lisenziya rəsmiləşdirmək lazımdır. Bu 18 lisenziyanı əldə etmək üçün isə böyük vaxt və maliyyə resursları sərf etmək tələb olunur”.
Bununla əlaqədar, “TABA-AmCham” üç ölkənin şirkətlərinə tərəfdaşların tapılması və müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradılması istiqamətində dəstək göstərməyi planlaşdırır.





