ASELSAN ALP-300G erkən xəbərdarlıq radarını sifarişçiyə təhvil verib – VİDEO

ASELSAN ALP-300G erkən xəbərdarlıq radarını sifarişçiyə təhvil verib – VİDEO

ASELSAN şirkətinin istehsal etdiyi ALP-300G portativ erkən xəbərdarlıq radar sistemi (Taşınabilir Erken İhbar Radar Sistemi – TEİRS / PEXRS) Türkiyə Ordusuna təhvil verilib.

“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erkən xəbərdarlıq radarının təhvil vermə mərasimində ölkənin milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Hərbi Hava Qüvvələrinin komandanı Ziya Cemal Kadıoğlu, müdafiə sənayesi başqanı Haluk Görgün, ASELSAN-ın baş direktoru Ahmet Akyol və digər rəsmilər iştirak edib.

Mərasimdə çıxış edən Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirilib ki, inkişaf edən müharibə texnologiyası ilə asimmetrik risklər və təhdidlər müdafiə və təhlükəsizlik doktrinasını daim dəyişir: “Ona görə də ənənəvi hərbi tədbirlərlə yanaşı, ən müasir texnologiyaya əsaslanan müasir müdafiə sistemlərinə ehtiyac var. Bu kontekstdə təhdidləri erkən aşkarlayaraq təsbit edən və əks reaksiyalar verərək onları zərərsizləşdirən radar sistemlərinin mövcudluğu həyati əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, erkən xəbərdarlıq radar sistemləri təyyarə və digər hava hədəflərindən tutmuş ballistik raketlərə qədər geniş spektrli təhdidləri aşkarlaya və təsir dairəsinə görə zərərsizləşdirə bilər. Bu baxımdan, onlar ölkələr üçün çox böyük müdafiə imkanları təklif edirlər.

Nazir vurğulayıb ki, bunun fərqində olan Türkiyə bu istiqamətdə lazımi işlərə başlayıb. Nəticədə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı və ASELSAN şirkəti böyük səylə çalışaraq erkən xəbərdarlıq radar sistemini istehsal etməyə müvəffəq olub.

“Bu yeni nəsil radar sistemi uzun mənzilinə sahib olması, erkən xəbərdarlıq qabiliyyəti, sürətli quraşdırılma və yığılma kimi effektiv hərəkət imkanı ilə öz sinfində ən yaxşı xüsusiyyətlərə malikdir. Yüksək əməliyyat bacarığı olan bu radar sayəsində çoxşaxəli təhdidlərin aşkarlanması və izlənməsini sürətli şəkildə həyata keçirəcək, beləliklə, uzaq məsafədən təhdidlərə effektiv cavab verməklə ölkəmizin müdafiə qabiliyyətini xeyli artıracağıq. Bundan başqa, personalımızın hərtərəfli məlumata sahib olması, çevik qərar qəbul edib hərəkətə keçməsi baxımından da radarımız ordumuza ciddi üstünlük verəcək”, – deyə Y.Güler bildirib.

CATEGORIES
TAGS