Norveç ABŞ-a gəmi əleyhinə raket kompleksləri tədarük edəcək
Norveçin KONGSBERG şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) NSM (Naval Strike Missile) gəmi əleyhinə raket kompleksləri tədarük edəcək.
“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bunun üçün şirkət və ABŞ HDQ arasında 10 milyard NOK (900 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, istehsal və çatdırılmalarla bağlı işlər beş il müddətində həyata keçiriləcək.
NSM, “Raytheon Missiles and Defense” ilə “Kongsberg” tərəfindən birgə yaradılan gəmi əleyhinə və yerüstü 5-ci nəsil ən yüksək dəqiqlikli uzun mənzilli zərbə raketidir. Raket Microturbo TRI-40 turboreaktiv mühərriki ilə təchiz edilib.
Ən müasir quruluş və kompozit materialların istifadəsi, raketlərə mürəkkəb gizlilik imkanları vermək üçün tətbiq olunub. Kütləsi 400 kq-dan biraz artıq olan raketin nüfuzedici/fuqas döyüş hissəsinin kütləsi 120 kq, minimal uçuş mənzili 3 km və maksimal uçuş mənzili 185 km-dən (100 dəniz milindən) çoxdur. Onun uzunluğu 3.96 m, qanad açıqlığı 1.4 metr və uçuş sürəti 0.975 Machdır.
NSM raketi sahil sularında və açıq dəniz ssenarilərində aparılacaq döyüş fəaliyyətləri üçün nəzərdə tutulub.