STM yeni “Multi-Domain” konsepsiyası ilə yüksək təsir gücü yaradır

STM yeni “Multi-Domain” konsepsiyası ilə yüksək təsir gücü yaradır

STM şirkəti quru, hava və dəniz platformalarını birgə əməliyyat şüuru ilə birləşdirən “Multi-Domain” konsepsiyası sayəsində pilotsuz sistemləri vahid şəkildə fəaliyyət göstərə bilən inteqrasiya olunmuş və əlaqələndirilmiş əməliyyat qüvvəsinə çevirir.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, şirkət indiyədək taktiki pilotsuz uçuş aparatları sahəsində KARGU, ALPAGU və “KarguFPV” zərbə PUA-larını, TOGAN və STM-VTOL müşahidə PUA-larını, BOYGA və BOYGA-B sursat buraxan PUA-larını, həmçinin STM NETA sualtı insansız dəniz aparatını (İDA) hazırlayaraq istifadəyə verib.

Hazırda isə STM bütün bu sistemlərin inteqrasiya olunmuş və koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin edəcək “Multi-Domain” konsepsiyasını həyata keçirir.

Müasir döyüş mühiti artıq ayrı-ayrı platformaların fərdi uğurundan daha çox, bütün elementlərin koordinasiyalı şəkildə fəaliyyət göstərməsini tələb edir. STM tərəfindən inkişaf etdirilən asimmetrik güc yanaşması böyük və bahalı sistemlər əvəzinə daha kiçik, çevik və pilotsuz platformalar vasitəsilə yüksək təsir gücü yaratmağı hədəfləyir.

Bu yanaşmanın daha inkişaf etmiş mərhələlərində isə pilotsuz sistemlər əməliyyatların əsas müəyyənedici elementinə çevrilərək qərar üstünlüyü qazandıran və taktiki istifadə anlayışını dəyişdirən yeni bir struktur formalaşdırır.

STM-in sürü PUA texnologiyaları GNSS-dən müstəqil əməliyyat imkanları və yüksək avtonomluq səviyyəsinə malik proqram təminatı və sistem mühəndisliyi infrastrukturu bu konsepsiyanın əsasını təşkil edir.

Vizual naviqasiya və inkişaf etmiş tapşırıq alqoritmləri sayəsində pilotsuz sistemlər elektron qarışdırma mühitində belə missiyalarını davam etdirə, sürü daxilində təhdid məlumatlarını paylaşa və dinamik tapşırıq bölgüsü həyata keçirə bilir. STM-in inkişaf etdirdiyi qabaqcıl inteqrasiya imkanları isə müxtəlif tip platformaların vahid komanda-idarəetmə arxitekturası altında birlikdə fəaliyyət göstərməsinə şərait yaradır.

STM-n “Multi-Domain” vizyonunun əsasını heterogen sürü arxitekturası təşkil edir. Heterogen sürü eyni missiya çərçivəsində fərqli tip və imkanlara malik pilotsuz sistemlərin koordinasiyalı şəkildə fəaliyyət göstərməsini ifadə edir.

Beləliklə, kəşfiyyat, təzyiq, ərazi nəzarəti, sızma və zərbə missiyaları hava, quru, suüstü və sualtı platformalar arasında bölüşdürülərək birgə icra oluna bilir. Bu arxitektura əməliyyat çevikliyini artırmaqla yanaşı, hər platformanın öz güclü tərəfinə uyğun missiyada istifadə edilməsini təmin edir və real vaxt rejimində məlumat mübadiləsi ilə çoxqatlı əməliyyat üstünlüyü yaradır.

STM yanvar ayında 20 ədəd KARGU PUA-dan ibarət sürü ilə canlı döyüş sursatı istifadə edilən kamikadze missiyasını uğurla həyata keçirərək dünyada bir ilkə imza atıb. Əldə olunan bu təcrübə suüstü, sualtı, hava və quru platformalarını əhatə edən çoxsahəli sürü arxitekturasının tətbiqi üçün güclü əsas yaradıb.

Xüsusilə hava hücumundan müdafiə sistemlərinə qarşı hazırlanan istifadə ssenariləri sürü sistemlərinin gələcəyin taktiki döyüş mühitində oynayacağı rolu açıq şəkildə göstərir.

Yaxın dövrdə avtonom pilotsuz sistemlər məhsul ailəsini daha da genişləndirməyə hazırlaşan STM uzun mənzilli kamikadze PUA-sı, mini müşahidə PUA-sı, radiasiaya əleyhinə kamikadze PUA-sı, antidron sistemləri və böyük avtonom sualtı İDA kimi yeni nəsil həlləri istifadəyə təqdim etməyi planlaşdırır.

Bu yeni məhsullarla birlikdə STM “Multi-Domain” yanaşmasını daha yüksək səviyyəyə qaldıraraq pilotsuz sistemlər sahəsində inteqrasiya olunmuş, miqyaslana bilən və yüksək təsir gücünə malik bir ekosistem formalaşdırmağı hədəfləyir.

CATEGORIES
TAGS