
Çində Type 05 ailəsini əvəz etmək üçün inkişaf etdirilən yeni üzən PDM-lər – TƏHLİL
Bir müddət əvvəl məlum olub ki, Çin müdafiə sənayesi yeni universal tırtıllı platforma və onun əsasında zirehli maşınlar ailəsi hazırlayır. Belə ki, xarici mətbuat vasitələri Çinin mövcud Type 05 ailəsini əvəz etmək üçün yeni nəsil üzən (amfibiya) tırtıllı piyada döyüş maşınlarını (PDM) inkişaf etdirdiyi barədə xəbərlər paylaşıblar.
“Poliqon”un məlumatına görə, son görüntülər pilotsuz qüllə və aktiv müdafiə sistemi (Active Protection System – APS) təqdim edə biləcək yeni platformanı ortaya qoyur.
Bu günə qədər yeni platformada ən azı iki prototip sınaqdan keçirilib və gələcəkdə yeniləri də peyda ola bilər.
Sınaqlara cəlb edilən iki prototip
Cari ilin mart ayının ortalarında Çin İnternet mənbələrində maraqlı bir fotoşəkil ortaya çıxıb. Çin küçələrində naməlum fotoqraf, naməlum döyüş maşınınln olduğu tank daşıyıcısının şəklini çəkib. “003” taktiki nömrəli zirehli texnikanın burun hissəsi brezentlə örtülsə də, qalan hissəsi açıq şəkildə daşınıb.
Yeni döyüş maşınınln görünüşü bir neçə həftə əvvəl görülən prototipi (barəsində aşağıda məlumat verilib) xatırladır. Eyni zamanda, o, müxtəlif silahlar kompleksi aldı. Poqon üzərində kiçik çaplı topu olan daha kiçik plçülü qüllə yerləşdirilib.
Gövdə nömrəsi 003 ilə müəyyən edilmiş döyüş maşını, görünür, desant əməliyyatları üçün hərəkətlilik və sağqalma qabiliyyətini təkmilləşdirir. Gövdə nömrəsi 003 olaraq müəyyən edilmiş yeni amfibiya PDM-nin gövdəsi əvvəlki modellərlə müqayisədə bir sıra dəyişikliklərə, o cümlədən dayaq vərdənələrinin arasındakı məsafə dəyişikliklərinə və arxadakı ötürmə qapağındakı dəyişikliklərə malikdir. Bu dəyişikliklər hidrodinamik xüsusiyyətlərini təkmilləşdirmək və üzmə (amfibiya) manevr qabiliyyətini artırmaq səylərini göstərir.
Görünən heyət mövqeləri olmayan yeni PDM-nin qülləsi onun pilotsuz və avtomatlaşdırılmış olduğunu göstərir. Yayılmış xəbərlərdə qeyd olunur ki, gövdə nömrəsi 003 olaraq müəyyən edilmiş yeni amfibiya PDM, hədəf əldə etmək və aktiv müdafiə üçün çoxlu sensor sistemini birləşdirə bilər, ehtimal ki, güclü susdurma sisteminin (hard-kill APS) tərkibinə daxildir. Bu yanaşma, çəkisini artıran laylı passiv zireh kimi kompozit və ya NERA zirehindən istifadə edən Qərb konstruksiyalarından fərqlənir. Çin modeli adi zirehlərin məhdud müdafiəni təmin etdiyi yüngül nəqliyyar vasitələri üçün uyğun olan aktiv müdafiəyə üstünlük verir.
Yeni döyüş maşınının əsas silahı ZBD-05 PDM-indəki 30 mm-lik avtomatik topun analoqu kimi görünür. Heç bir tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) buraxma qurğusu görünmür. Ola bilsin ki, o, qüllənin əks tərəfində quraşdırılıb.
Az öncə qeyd edildiyi kimi, bundan bir neçə həftə əvvəl, yəni fevralın ortalarında, Çin İnternet mənbələrində daha bir naməlum zirehli maşının maraqlı fotoşəkili peyda oldşub. Bu fotoşəkildə isə bir su hövzəsinin sahili və dəniz piyada texnikası nümunələrindən birinə bənzəyən zirehli döyüş maşını təsvir edilib. Fotonun sınaqlar zamanı çəkildiyi ehtimal olunur.
Obyektiv üzmə (amfibiya) qabiliyyətini göstərən bir sıra xarakterik xüsusiyyətlərə malik tırtıllı zirehli maşını çəkib. Maşının gövdəsinin damında uzun lüləli silahı olan, açıq-aydın böyük çaplı tam hüquqlu bir qüllə var.
Döyüş maşınının üzərində “005” taktiki nömrəsindən başqa heç bir tanınma nişanı olmayıb. “005” taktiki nömrəli döyüş maşını Type 05 sinif PDM-in dayaq vərdənələri arasındakı məsafə və gövdə kontruksiyasındakı dəyişikliklərlə seçilən daha böyük potensial versiyasının olduğunu ehtimal etməyə əsas verir. Müşahidəçilər gövdənin nömrəsi 005 olaraq müəyyənləşdirilmiş döyüş maşınının yenidən layihələndirilmiş qülləsini və qismən tinli səthli lüləsini qeyd edirlər ki, bu da silahlanmada dəyişiklikləri, eləcə də yeni hücum tankı və ya dəstək vasitələrini daxil edə biləcək amfibiya döyüş maşını ailəsinin genişləndirilməsini göstərir.
Çinin hazırkı desant əməliyyatları strategiyası zirehli desant əməliyyatında PDM-lərin və üzən tankların enişindən əvvəl hava üstünlüyünü təmin etməyi əhatə edə bilər.
Yeni nəsil döyüş maşınları
Məlum səbəblərdən iki naməlum zirehli maşınla bağlı hələlik açıq mənbələrdə heç bir rəsmi məlumat yoxdur. Bununla belə, mövcud məlumatlar əsasında belə, bəzi fərziyyələr irəli sürmək və ilkin təxminləri vermək mümkündür.
Göründüyü kimi, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) dəniz piyadaları hissələrini yenidən təchiz etməyi planlaşdırır. Bu məqsədlə müəyyən xarakterik xüsusiyyətlərə və xüsusi imkanlara malik yeni zirehli maşınlar hazırlanır. Üstəlik, söhbət fərdi maşınlardan deyil, vahid tırtıllı platformaya əsaslanan texnika ailəsindən gedir.
Xatırladaq ki, ÇXAO Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Piyadaları Korpusu (DPK) hazırda Type 05 ailəsinə (bu barədə biraz sonra) aid zirehli maşınlardan istifadə edir.
Yeni fotolardan göründüyü kimi, ÇXAO komandanlığı hesab edir ki, Type 05 ailəsi həm mənəvi, həm də fiziki cəhətdən köhnəlib və müasir əvəzetmə tələb edir. Bu məqsədlə yaxın keçmişdə yeni layihəyə start verilmiş və onun ilk nəticələri bu yaxınlarda ictimaiyyətə məlum olmuşdur. Yemi döyüş maşınları ailəsi, ehtimal ki, zirehli maşınların əsas Çin istehsalçısı olan “NORINCO Corporation” tərəfindən hazırlanıb.
Bu günə qədər naməlum fotoqraflar yeni ailənin yalnız iki nümunəsini – 30 mm-lik toplu piyada döyüş maşını və iri çaplı toplu atəş dəstək maşınını çəkə biliblər. Çox güman ki, paralel olaraq digər layihələr də hazırlanır. Ola bilsin ki, bu zirehli maşınlardan bəziləri hətta sınaq meydançalarına da gedib çıxıb.
Yeni zirehli döyüş maşınları ailəsi üçün ümumi şassi
Şəkillərdən göründüyü kimi, yeni amfibiya texnikalar ailəsi ümumi şassi üzərində qurulub. O da ehtimal olunur ki, əvvəldən onu müxtəlif avadanlıq və döyüş bölmələrinin quraşdırılması ehtiyacı nəzərə alınmaqla hazırlanır. Bunun da nəticəsində, ailənin müxtəlif zirehli maşınları gövdə, şassi və bir sıra ümumi sistemlərin konstruksiyası ilə minimal şəkildə fərqlənəcək.
ÇXAO-nun tezliklə layihənin bütün təfərrüatlarını açıqlamasını gözləmək sadəlövhlük olar. Yeni ailənin dəqiq tərkibi, maşınların xüsusiyyətləri və onların döyüş qabiliyyəti hələlik naməlum olaraq qalacaq. Bununla belə, bu baxımdan, mövcud Type 05 zirehli texnika ailəsinə diqqət yetirmək olar. Aydındır ki, perspektiv zirehli maşınlar öz sələflərindən geri qalmayacaq.
Vahid platforma əlavə əlavə modullar quraşdırmaq imkanı olan qaynaqlanmış zirehli gövdəyə malikdir. Qorunma səviyyəsi hələlik naməlum olaraq qalır. Ümumilikdə digər eyni təyinatlı texnikalara əsaslandıqda, ehtimal etmək olar ki, yeni PDM və atəş dəstəyi maşını (ADM)/özüyeriyən artilleriya qurğusu (ÖAQ) bütün gövdə boyunca gülləyə və qəlpəyə qarşı zirehlərə malikdir və ön proyeksiya kiçik çaplı mərmilərə tab gətirə bilir.
Gövdənin ön hissəsi Type 05 layihəsində istifadə edilənə bənzər xarakterik paz formalı profilə malikdir. Bu pazın bir hissəsi gövdəyə yerləşdirilən üst-üstə düşən detal ilə formalaşır. Onun arxasında idarəetmə bölməsi (solda) və mühərrik bölməsi (sağda) yerləşir. Gövdənin qalan həcmləri desantın, xüsusi avadanlığın və ya silahların yerləşdirilməsi üçün nəzərdə tutulub.
Mühərrikin növü hələ məlum deyil. Mümkündür ki, Type 05 maşınlarında olduğu kimi ikili rejimli dizel mühərriki istifadə olunur. Type 05 maşının mühərriki quruda hava radiatoru ilə soyudulur və 550 at gücünə malikdir. Suda hərəkət zamanı, soyutma dəniz suyundan istifadə etməklə həyata keçirilir ki, bu da 1400 at gücündən çox gücə imkan verir.
Yeni texnikalarda şassidə altı cüt dayaq vərdənəsindən istifadə olunur. Type 05 PDM-dən fərqli olaraq, vərdənələr bərabər şəkildə yerləşdirilib və artırılmış boşluqlar yoxdur. Aparıcı təkərlər maşının burun hissəsində, mühərrik bölməsinin yaxınlığında yerləşir. Yəqin ki, idarə olunan hidropnevmatik asqıdan istifadə olunur. Üzmə rejiminə keçərkən, asqı dayaq vərdənələrini qaldırır. Həmçinin tırtıl da yuxarı çəkilir.
Suda hərəkət üçün xüsusi vasitələr nəzərdə tutulub. Gövdənin ön hissəsində burunun lazımi formasını yaradan iki hissəli qalxan var. Arxa hissə açıla bilən sualtı qanadla təchiz edilib. Hərəkət əsas mühərrik tərəfindən idarə olunan bir cüt su itələyici ilə əldə edilir.
Perspektiv PDM tam hüquqlu qüllə şəklində döyüş modulu ilə təchiz edilib. Modul 30 mm-lik top və pulemyot daşıya bilər. Şəkildə həmçinin tüstü qumbaraatan qurğularından biri də görünür. Qabarit ölçülərinə görə, qüllə insansızdır və yaşayış üçün nəzərdə tutulmuş bölmənin içərisindən uzaqdan idarəetmə pultu ilə idarə olunur.
Belə bir PDM-nin heyəti sürücü, komandir və tuşlayıcı-operator olmaqla üç nəfərdən ibarət ola bilər. Gövdənin ölçüləri arxa appareldən və ya qapıdan çıxışı olan 8 nəfərlik desant bölməsi yaratmağa imkan verir.
Atəş dəstəyi üçün nəzərdə tutulmuş sınaq ADM/ÖAQ inkişaf etmiş arxa yuvası olan daha böyük qüllə ilə təchiz edilib. O, naməlum tipli uzun lüləli topla təchiz olunub. Ola bilsin ki, Type 05 ailəsində olduğu kimi, 105 mm-lik yivli lüləli topdan istifadə olunub. Qüllənin konstruksiyası avtomatik doldurucunun mövcudluğuna işarə edə bilər.
Belə ADM/ÖAQ-ın heyətinə ən azı üç nəfər daxil olmalıdır. Sürücü-mexanik gövdənin içərisində yerləşir, komandir və tuşlayıcı isə qüllədə işləyir. Döyüş bölməsinin konstruksiyası desantın yerləşdirilməsi üçün gövdə həcmlərindən istifadə etməyə imkan vermir. Orada yəqin ki, konveyerə yerləşməyən döyüş dəstinin döyüş sursatları yerləşdirilir.
Type 05 ailəsinə aid zirehli maşınlar
Qeyd edək ki, Type 05 amfibiya döyüş maşını ailəsi 2000-ci illərin əvvəllərində Type 63A amfibiya tankı kimi köhnə platformaları əvəz etmək üçün hazırlanıb. ÇXAO-na üfüqdən kənar açılma imkanı olan və atəş gücünü artıra bilən yüksək sürətli amfibiya maşını tələb olunurdu.
“NORINCO Corporation” tərəfindən hazırlanmış Type 05 PDM Çinin desant əməliyyatları imkanlarını təkmilləşdirmək üçün hazırlanıb. O, 2005-ci ildə silahlanmaya qəbul edilib və həmin vaxtdan bəri müxtəlif istismar tələblərini təmin etmək üçün bir çox variantda təqdim olunub. Hazırda ABŞ-nin ləğv edilmiş Ekspedisiya Döyüş Vasitəsi (Expeditionary Fighting Vehicle – EFV) proqramından ilhamlanan Type 05, Çinin desant qüvvələri daxilində aktiv istifadədə qalır.
Type 05 PDM özündə suda 30 km/saat sürətlə hərəkətə imkan verən hidrodinamik cəhətdən optimallaşdırılmış gövdəni, uzadılmış burun hissəsini və yığıla bilən asqı sistemini birləşdirir. Mühərrik gücü ilə birlikdə yığıla bilən asqı sistemi müxtəlif ərazilərdə istismar çevikliyini təmin edərək, quru və su əməliyyatları arasında rəvan keçidləri asanlaşdırır.
O, suda arxaya quraşdırılmış iki su itələyici mühərriklə hərəkətə gətirilir, quruda isə o, su rejimində 1500 at gücü, quruda isə 550 at gücü hasil edən dizel mühərrikindən istifadə edir.
Type 05 PDM-nin alüminium ərintisindən hazırlanmış konstruksiyası çəkisini azaldır, eyni zamanda atıcı silahların güllələrinə və mərmi qəlpələrinı qarşı məhdud qorunmanı təmin edir. Əlavə kompozit zireh lövhələri qüllə kimi xüsusi sahələrdə müdafiəni gücləndirir.
Atəşi idarəetmə sisteminə teplovizor, lazer məsafəölçən və həm komandir, həm də atıcı üçün müstəqil nişangahlar daxildir. Bu xüsusiyyətlər hədəf əldə etmə və nişan alma imkanlarına kömək edir. Type 05 PDM-i sürətli desant çıxarma və sahilyanı mühitdə əməliyyatlar üçün nəzərdə tutulub.
Type 05 seriyası ÇXAO HDQ-nin DPK və Qoru Qoşunlarının (QQ) desant-mexanikləşdirilmiş briqadaları tərəfindən istifadə edilən xüsusi tapşırıqlar üçün təyin edilmiş bir neçə variantdan ibarətdir:
– ZSD-05 piyadaları döyüş meydanına daşımaq üçün istifadə olunan zirehli transportyordur. 12,7 mm-lik pulemyotla silahlandırılmış qüllə ilə təchiz olunub.
– ZBD-05 (ixrac adı ZBD-2000 və ya VN-18), maşınlardan enmiş piyadaları dəstəkləmək üçün 30 mm-lik avtomatik top və tank əleyhinə idarə olunan raketlərlə təchiz edilmiş PDM variantı kimi xidmət edir.
O, yerüstü və hava hədəflərini vura bilən 30 mm-lik ZPT-99 avtomatik topu ilə təchiz edilib. Döyüş maşını qoşalaşdırılmış 7,62 mm-lik pulemyotla tamamlanır və HJ-73C tank əleyhinə idarə olunan raketlərlə təchiz oluna bilər.
Qüllə rəqəmsal ballistik hesablayıcı, teplovizor və lazer məsafəölçəndən ibarət atəşi idarəetmə sistemi ilə təchiz olunub.
Döyüş maşınının heyəti üç nəfərdən ibarətdir və arxa bölmədə səkkizə qədər piyada daşıya bilir.
– ZTD-05 (ixrac adı VN-16) ADM/ÖAQ, kinetik və idarə olunan sursatlarla atəş apara bilən 105 mm-lik yivli lüləli topla təchiz edilmiş desan döyüş maşınl kimi fəaliyyət göstərir.
– digər variantlara ZZZ-05 komanda-qərargah, kəşfiyyat, tibb, ZHJ-05 zirehli təmir-təxliyyə və ZGL-05 mühəndis dəstəyi maşınları daxildir.
Mahiyyətcə, bir platforma və onun əsasında qurulan maşınlar sayəsində Çin HDQ DPK-nun bütün əsas növ zirehli maşınlara olan ehtiyaclarını ödəmək mümkün olmuşdur.
Eyni zamanda, bu uyğunlaşmalar Type 05 platformasına birbaşa hücum, maddi-texniki dəstək və döyüş sahəsinin koordinasiyası daxil olmaqla bir sıra desant əməliyyatlarını həyata keçirməyə imkan verir.
Əhəd Vahidoğlu