SƏRHƏDXəbərlər

Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, təbrikdə deyilir:

“Hörmətli zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar, kursantlar, dövlət qulluqçuları və mülki işçilər!

Əziz sərhədçilər!

Sizi xalqımızın milli qürur və iftixar mənbəyi olan 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə ürəkdən təbrik edir, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm səhifələrindən biri, milli iradəmizin, yenilməz ruhumuzun və sarsılmaz birliyimizin təntənəsidir. Bu tarixi gün xalqımızın ədalətə inamının, Vətən sevgisinin və müqəddəs torpaqlarımız uğrunda mübarizə əzminin əbədi rəmzinə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi və müdrik sərkərdəliyi sayəsində 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi xalqımızın möhtəşəm Qələbəsi ilə başa çatmışdır. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qüdrəti nəticəsində otuz ilə yaxın davam edən işğala son qoyulmuş, tarixi ədalət bərpa edilmişdir.

Bu şanlı Qələbənin qazanılmasında Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də öz döyüş məharəti, yüksək peşəkarlığı, mərdliyi və fədakarlığı ilə fərqlənmiş, Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirmişdir.

İşğaldan azad edilmiş torpaqlarımızda dövlət sərhədlərinin bərpa olunması, sərhəd mühafizəsi və müdafiəsi sisteminin yenidən qurulması Dövlət Sərhəd Xidmətinin tarixi missiyasının ən mühüm mərhələlərindən biri olmuşdur. Bu gün həmin torpaqlarda üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması hər bir Azərbaycan sərhədçisi üçün sonsuz qürur və şərəf mənbəyidir.

Əziz döyüş yoldaşlarım!

Bu əlamətdar gündə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin qəhrəman hərbi qulluqçularının əziz xatirəsini dərin ehtiramla yad edir, onların qarşısında baş əyirik.

Şəhidlərimizin müqəddəs qanı ilə yazılmış Zəfər salnaməsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün Vətənə sədaqət nümunəsi olacaqdır.

Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizin igidliyi və döyüş xidmətləri hər zaman böyük minnətdarlıq hissi ilə xatırlanacaqdır.

Əminəm ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti bundan sonra da Azərbaycan Respublikasının Prezidentinin, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının etimadını layiqincə doğruldacaq, hərbi anda sədaqətini, yüksək döyüş hazırlığını, peşəkarlığını və sayıqlığını daim qoruyaraq müstəqil dövlətimizin sərhədlərinin etibarlı mühafizəsini və müdafiəsini şərəflə təmin edəcəkdir.

Unutmamalıyıq ki, tarixi Zəfərimizi qorumaq, onun bizə bəxş etdiyi milli qüruru və dövlətçilik məsuliyyətini gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.

Bir daha sizi və ailə üzvlərinizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, Vətənimizə və dövlətimizə şərəfli xidmətinizdə yeni nailiyyətlər arzulayıram.

Şanlı Zəfərimiz əbədi, müstəqil Azərbaycanımız daim qüdrətli, üçrəngli Dövlət Bayrağımız hər zaman ucalarda olsun!

Yaşasın müstəqil Azərbaycan!

Eşq olsun Müzəffər Ali Baş Komandana!

Eşq olsun rəşadətli Azərbaycan əsgərinə!”.

Back to top button