Prezident: Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması Qələbəmizin qazanılmasında böyük rol oynamışdır

Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
“Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi. Mən dəfələrlə bildirirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Əfsuslar olsun ki, mənim sözlərimi eşitmədilər və nəticə etibarilə xalqımız bir yumruq kimi birləşərək döyüş meydanında düşmənin belini qırdı, tarixi ədaləti, ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdi”, – deyə dövlət başçısı vurğulayıb.





