
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində növbəti addım atılıb.
“Poliqon”un məlumatına görə, fakültənin yeni rəsmi saytı istifadəyə verilib.
Platformanın əsas məqsədi fakültənin bütün xidmətlərini müasir dövrün tələbələrinin ehtiyaclarına uyğun olaraq rəqəmsal mühitə keçirməkdir.
Yeni sayt tələbələrə və akademik heyətə yönəlik müasir konsepsiya əsasında hazırlanıb. Rəqəmsal platforma sayəsində tələbələr tədris prosesi ilə bağlı lazım olan məlumatları bir məkanda, daha sürətli və rahat şəkildə əldə edə biləcəklər. Saytda arayış və transkriptlə bağlı məlumatlar, dərs cədvəli, imtahan və kollokvium vaxtları, normativ sənədlər və tələbələr üçün digər zəruri resurslar yerləşdirilib.
Eyni zamanda saytda professor-müəllim heyəti haqqında ətraflı məlumat və müəllimlərin akademik CV-ləri yerləşdirilib. Bu, tələbələrə müəllimlərin elmi-pedaqoji fəaliyyəti ilə yaxından tanış olmaq imkanı verir.
Yeni saytın istifadəyə verilməsi fakültədə şəffaf, əlçatan və tələbəyönümlü rəqəmsal təhsil mühitinin formalaşdırılmasına xidmət edir.
Sayta keçid: xtt.aztu.edu.az







