
Çində PHL-191 yaylım atəşli reaktiv sistem (YARS) üçün yeni 370 mm-lik hava partlayışlı reaktiv mərmi hazırlanıb.
“Poliqon”un məlumatına görə, bu mərmilərlə, yaylım atəşi birbaşa dəymə olmadan hədəfin səthinin üstündəki bir sıra partlayışlarla əvəz olunur.
PHL-191 təxminən 45 ton ağırlığında olan 8×8 təkər formullu “Wanshan 2400” yük avtomobilinin şassisi üzərində təkərli modul sistemdir. Onun fərqli xüsusiyyəti, tapşırıqdan asılı olaraq müxtəlif çapların “oyuncaq konstruktora bənzər” kombinasiyasına imkan verən dəyişdirilə bilən buraxma konteynerləridir.
Cari ilin iyul ayında keçirilən sınaq zamanı 300 km mənzilli və 1 metrə qədər dəqiqlikli 370 mm-lik reaktiv mərmi istifadə edilib.
Müqayisə üçün, ABŞ-nin 227 mm-lik GMLRS mərmisi olan HIMARS YARS-nin mənzili təxminən 150 km, başqa sinif olan “Precision Strike Missile” rakeitinin mənzili isə təxminən 400 km-dir.
Yeni reaktiv mərminin əsas xüsusiyyəti havada partlamasıdır. Beton sığınacaqlara qarşı təsirli olan kontakt partlayışından fərqli olaraq, proqramlaşdırıla bilən partlayıcı hədəf səthinin üstündə partlayır və bir neçə on metrə qədər radiusda olan ərazini minlərlə volfram qəlpəsi ilə örtür.
Qəlpələr şəxsi heyəti, zirehsiz nəqliyyat vasitələrini, radiolokasiya antenalarını və digər həssas elementləri məhv edir.
Mərminin dəqiqliyi inersial naviqasiya (İNS), Beidou peyk korreksiyası və aerodinamik idarəetmə sükanlarından ibarət birləşdirilmiş tuşlama sistemi vasitəsilə əldə edilir. Bu, PHL-191 YARS-a ballistik raketlərlə müqayisə edilə bilən, lakin xeyli aşağı qiymətə tapşırıqları yerinə yetirməyə imkan verir.
12 buraxma qurğusundan ibarət tək bir PHL-191 divizionu 96 mərmidən ibarət yaylım atəşi aça bilər və bu da heç bir hava hücumundan müdafiə (HHM) sisteminin zərərsizləşdirə bilmədiyi atəş sıxlığı yaradır.
Modul konstruksiya buraxma qurğularının sürətli yenidən doldurulmasına imkan verir. Şassi saatda 60 km-ə qədər sürət və 650 km gediş ehtiyatı təmin edir.
Kəşfiyyat dronları və peyk qrupları ilə birlikdə sistem koordinatların alınmasından məhv edilməsinə qədər olan vaxtı dəqiqələrlə ölçən “aşkar etdin və örtdün” dövrəsini əmələ gətirir.
Mütəxəssislərin fikrincə, düşmən müdafiəsinin məsafədə idarə olunan “xırdalanması” əksər NATO artilleriya sistemlərinin imkanlarından kənardır. Əgər hava partlayışı 370 mm-lik sursat üçün standart rejimə çevrilərsə, bu, təkcə hədəfə düşən mərmilərin hesablanmasını deyil, həm də dünyanın istənilən yerində quru əməliyyatlarının taktikasını dəyişdirəcək.
Əhəd Vahidoğlu





