QuruXəbərlər

“Otokar” Türkiyə Silahlı Qüvvələri üçün 4×4 zirehli nəqliyyat vasitələri hazırlayacaq

Türkiyənin Müdafiə Sənayesi Komitəsi 4×4 taktiki təkərli zirehli nəqliyyat vasitələrinin hazırlanması layihəsinin icrasını “Otokar” şirkətinə həvalə edib.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, şirkət Türkiyə Silahlı Qüvvələrinin istifadəsi üçün hazırlayacağı 4×4 zirehli nəqliyyat vasitələrini 2028-ci ilin sonunadək təhvil verməyi planlaşdırır.

“Otokar” Quru Qoşunları Komandanlığının inventarına daxil ediləcək zirehli avtomobillərə satışdan sonrakı xidmətləri də göstərəcək.

Türkiyə Silahlı Qüvvələrinə xidmət etməkdən qürur duyduqlarını bildirən “Otokar” şirkətinin baş direktoru Aykut Özüner müqavilə ilə bağlı fikirlərini bölüşüb: “Zirehli avtomobillərimizi bir daha Türkiyə Silahlı Qüvvələrinin xidmətinə təqdim etməkdən, eləcə də Müdafiə Sənayesi Komitəsi ilə imzaladığımız müqavilə vasitəsilə ölkəmizin müdafiəsinə töhfə verməkdən böyük qürur və məmnunluq duyuruq. Türkiyədə layihələndirilən və istehsal olunan hərbi avtomobillərimizlə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun həllər hazırlayır, ölkəmizin müdafiə sənayesinin gücünü daha da artırırıq. Türkiyə üçün dəyər yaratmağa və ölkəmizə xidmət etməyə davam edəcəyik”.

Zirehli avtomobillər sahəsində Türkiyədə bir sıra ilklərə imza atan və son iki ildə ölkənin ən çox ixracat həyata keçirən quru nəqliyyat vasitələri istehsalçısı olan “Otokar” şirkətinin bu müqaviləsi Türkiyə Silahlı Qüvvələrinin inventarındakı zirehli avtomobillərin sayının da artmasına imkan verəcək.

Həm daxili, həm də qlobal bazarlarda zirehli avtomobillərin layihələndirilməsi və hazırlanması imkanları ilə seçilən “Otokar” hər il dövriyyəsinin təxminən 4 faizini tədqiqat və inkişaf (Ar-Ge) fəaliyyətlərinə ayırır. Türkiyəli mühəndislər tərəfindən layihələndirilən və hazırlanan şirkətin zirehli avtomobilləri hazırda Türkiyə ilə yanaşı, 50-yə yaxın dost və müttəfiq ölkənin inventarında yer alır.

Şirkətin özünəməxsus dizaynı əsasında hazırlanan 4×4 taktiki təkərli zirehli avtomobil ailəsi minalara, əl işi partlayıcı qurğulara (EYP) və ballistik təhdidlərə qarşı yüksək mühafizə səviyyəsi ilə seçilir. Modul konstruksiyaya malik platformalar müxtəlif təyinatlı avadanlıq və silah sistemləri ilə təchiz oluna bilir. Bu avtomobillər yüksək hərəkət və sağqalma qabiliyyəti ilə diqqət çəkir.

Uzun illərdir NATO və Birləşmiş Millətlər Təşkilatının təsdiqlənmiş təchizatçısı olan “Otokar” şirkətinin istehsal etdiyi 33 mindən çox hərbi nəqliyyat vasitəsi hazırda 50-yə yaxın ölkədə 80-dən artıq son istifadəçinin istismarındadır.

Back to top button