
ROKETSAN şirkətinin inkişaf etdirdiyi ORKA yüngül torpedosunun atış sınağı keçirilib.
“Poliqon” ROKETSAN-a istinadən xəbər verir ki, “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atılan ORKA torpedosu sınağı uğurla tamamlayıb.
Yeni nəsil yüngül sinif torpedo olan ORKA tamamilə milli imkanlarla inkişaf etdirilib. Sualtı qayıqlara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan torpedo suüstü platformalardan və hava vasitələrindən buraxıla bilir.
ORKA aktiv və passiv sonar başlığı vasitəsilə sualtı hədəfləri aşkarlamaq və təqib etmək, həmçinin daxili tuşlama sistemi ilə hədəfə yönəlmək qabiliyyətinə malikdir. Yüksək sürəti və müasir akustik tuşlama sistemi torpedonun əsas xüsusiyyətləri sırasındadır.
ORKA torpedosunun uzunluğu 2,85 metr, diametri 275 mm, çəkisi isə 220 kiloqramdır. Maksimum mənzili 15 kilometr təşkil edən torpedo kumulyativ və ya zərbə təsirli döyüş başlığı ilə təchiz oluna bilər. ORKA-nın əsas daşıyıcı platformaları suüstü insansız dəniz aparatları (İDA), PUA-lar və helikopterlərdir.





