
“Rostex” Dövlət Korporasiyasının “Birləşmiş Aviasiya Korporasiyası” (UAC) tərəfindən istehsal edilən 5-ci nəsil Su-57 qırıcı təyyarələrinin növbəti partiyası Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verilib.
“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, təyyarələr zavod sınaqlarını uğurla başa vurduqdan sonra Rusiya Hava-Kosmik Qüvvələrinin pilotları tərəfindən müxtəlif uçuş rejimlərində sınaqdan keçirilib.
Sınaqlar bitdikdən sonra qırıcılar daimi dislokasiya aerodromuna uçuş yerinə yetiriblər.
“Rostex”in bildirdiyinə görə, hazırda Su-57 real döyüş şəraitində ən çox sınaqdan keçirilmiş beşinci nəsil qırıcıdır. Qoşunlara təhvil verilən təyyarələr modernləşdirilmiş bort sistemləri və silah kompleksi ilə təchiz olunub. Bu yeniliklər qırıcının döyüş imkanlarını daha da artırır.
“Su-57 qırıcılarına qoşunlarda tələbat yüksəkdir. Buna görə də aviasiya zavodlarımız istehsal tempini azaltmır və təyyarələrin yeni partiyalarının istehsalı artıq davam edir”, – deyə “Rostex”dən bildirilib.
Su-57 hava, yerüstü və dəniz hədəflərinin məhv edilməsi də daxil olmaqla, geniş spektrli döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Təyyarə gecə və gündüz, istənilən hava şəraitində, eləcə də mürəkkəb radioelektron maneələr şəraitində fəaliyyət göstərə bilir.





