Çex Ordusu SPYDER ZRK ilə silahlanır
Çex Müdafiə Nazirliyi yeni yaxın mənzilli zenit-raket kompleksini (ZRK) əldə etmək üçün İsrailin “Rafael Advanced Defense Systems” şirkəti ilə müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, müqavilənin 13,69 milyard kron (627 milyon ABŞ dolları) olduğu təxmin edilir.
Bu məbləğə Çexiya dörd SPYDER qısa mənzilli ZRK alacaq. Tədarükün 2026-cı ildə tamamlanması planlaşdırılır. Eyni zamanda xərclərin bir hissəsi (30%-ə qədər) Çex müdafiə sənayesi müəssisələrinin SPYDER proqramında iştirakı ilə qarşılanacaq.
SPYDER SR (Surface-to-air Python and Derby Short Range) İsrailin “Rafael” və “Israel Aircraft Industries” (IAI) şirkətlərinin konsorsiumu tərəfindən hazırlanmış yaxın mənzilli ZRK-dır. Bu ZRK ictimaiyyətə ilk dəfə 2005-ci ildə təqdim edilib.
SPYDER ZRK “Python-5” raketləri ilə (hədəfi məhvetmə məsafəsi – 20 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü – 20 m-dən 9 km-ə qədər, infraqırmızı özütuşlama başlığı ilə təchiz olunub) və “Derby” (hədəfi məhvetmə məsafəsi – 35 km, hədəfi məhvetmə hündürlüyü – 20 m-dən 16 km -ə qədər, aktiv radiolokasiya özütuşlama başlığı və qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub) dəstləşdirilir (həmçinin bax: Çexiya “Spyder” ZRK alınması ilə bağlı danışıqlar aparır).
Kompleksin tərkibinə kəşfiyyat və idarəetmə məntəqəsi, özüyeriyən buraxma qurğuları (ÖBQ), nəqletmə-doldurma maşınları və EL/M-2106NG radiolokasiya stansiyası daxildir. Bir batareyada 6 ədədə qədər ÖBQ olur. ZRK-nin elementləri 6×6 təkər formullu “Tatra” şassisində yerləşdirilib.
Əhəd Əzizov