“Roketsan”ın DSH sisteminin atış sınaqları keçirilib

“Roketsan”ın DSH sisteminin atış sınaqları keçirilib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən sualtı hədəflərə qarşı hazırlanmış DSH (Denizaltı Savunma Harbi) raketi və atıcı sisteminin tədarük edilən ilk partiyasının qəbul-atış sınağı keçirilib.

Bu barədə “Poliqon”a “Roketsan” şirkətindən məlumat verilib. Məlumatda bildirilib ki, Qara dənizdə keçirilən atış sınaqları uğurla başa çatıb.

DSH sistemi suüstü platformanın silah idarəetmə sistemi və sonarları ilə inteqrasiyada işləyə bilən və avtomatik idarə etmə qabiliyyətinə malik bir sistemdir.

DSH sistemi 500-2000 metr uzaqlıqda və 15-300 metr dərinlikdə olan sualtı hədəflərə qarşı istifadə oluna bilər. Sistem hədəflərə tək və ya yayılım atəşi edə bilir. DSH sisteminin kütləsi raket yüklü 1200 kq təşkil edir. 196 mm raketin çəkisi 35,5 kq, uzunluğu 1,3 metr, döyüş başlığı 12 kq-dır.

Stabilləşdirilmiş buraxıcı sistem, sonar məlumatı ilə hədəfə avtomatik yönəlir. 6 ədəd raket tutumlu buraxıcı qurğu, əllə istiqamətləndirmə xüsusiyyətinə də malikdir.

Atış nəzarət sistemi yerüstü platformadan seyr və hədəf məlumatlarından istifadə edərək lazımi atəş məsafələrini hesablayır. Atışa nəzarət kompüteri ilə dərinlik avtomatik tənzimlənir. Tənzimlənə bilən xüsusiyyətləri sayəsində raketlər istənilən məsafədə və ya dərinlikdə partladılır.

Yüksək partlayıcı döyüş başlıqlı DSH raketi həssas sursat xüsusiyyətinə də malikdir. DSH sistemindən buraxılan raketlər arasında atış intervalı 0.8 saniyə təşkil edir. Raket mühərriki az dumanlı kompozit yanacaqla işləyir.

Poliqon.az

CATEGORIES
TAGS