ANAMA ilə Fransa səfirliyi arasında bəyannamə imzalanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın Azərbaycandakı səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Niyyət Bəyannaməsi imzalanıb.
Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Bəyannamə Agentliyin sədri Vüqar Süleymanov və Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros tərəfindən imzalanıb.
Sənəd ANAMA-nın texniki potensialının gücləndirilməsi, yaşayış üçün təhlükəsiz mühitin yaradılması istiqamətində icra edilən fəaliyyətə dəstək olmaqla, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üzrə görülən işlərə töhfə olacaqdır.
Bəyannamənin əsas fəaliyyət istiqamətləri səfirliyin dəstəyi hesabına minatəmizləmə avadanlığının alınması, eləcə də alınacaq avadanlığın istifadəsi üzrə təlimlərin keçirilməsini nəzərdə tutur.