İspaniya ABŞ-dan MH-60R helikopterləri alır
ABŞ Dövlət Departamenti İspaniyaya 8 ədəd çoxməqsədli MH-60R “Seahawk” helikopteri və müdafiə təyinatlı məhsulların satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçiriləcək satışın ümumi dəyəri 950 milyon ABŞ dolları təşkil edir.
ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən MH-60R “Seahawk” helikopterləri “Hellfire” raketləri və “Mark 54” sualtı torpedaları ilə təchiz edilib. Maksimum qalxma çəkisi 10,659 kq olan helikopter 6,895 kq ağırlığındadır.
MH-60R “Seahawk” helikopterləri yerüstü və sualtı qayıqlara qarşı döyüş missiyalarını yerinə yetirmək qabiliyyəti ilə yanaşı, axtarış və xilasetmə, o cümlədən ikinci dərəcəli missiyaları yerinə yetirə bilir.
Qeyd edək ki, ABŞ İspaniya Silahlı Qüvvələrinə daha əvvəl “Seahawk” helikopterlərinin SH-60B modelini satıb. Artıq SH-60B helikopterləri köhnə hesab olunur.
Rizvan Fikrətoğlu