DTX: Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər
Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.
Bu barədə “Poliqon” Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumat verib.
Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İranda yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycanın ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.
Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İrana keçib, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.
Faktla bağlı DTX-də aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq davam edir.