Türkiyədə “Siper” ZRS-nin Blok 2 versiyası üzərində işlər davam edir
Türkiyədə uzaq mənzilli “Siper” zenit-raket sisteminin (ZRS) Blok 2 versiyasının inkişafı ilə bağlı işlər davam edir.
“Poliqon” xəbər verir ki, bunu NTV televiziya kanalına müsahibəsində Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmir deyib.
Əvvəlcə “Siper” ZRS-nin Blok 1 versiyası haqqında danışan İ.Dəmir bildirib ki, ötən həftə son atış sınağı keçirilən sistem Türkiyə Silahlı Qüvvələrinə təhvil verilmək üçün hazırdır.
SSB başqanı daha sonra Blok 2 variantı haqqında söhbət açıb: ““Siper” Blok 2-nin raket hissəsinin inkişaf etdirilməsi TÜBİTAK SAGE tərəfindən, izləmə-aşkarlama radarları kimi digər hissələri də ASELSAN tərəfindən aparılır. Biz burada Blok 1 ilə sürətli şəkildə daxil olduq. “Hisar-O+”larda istifadə olunan raketimizə gücləndirici quraşdıraraq məsafəni artırdıq və bəzi imkanlar əlavə etdik. Beləliklə, tez bir həll yolu ilə “Hisar-O+”dan daha uzun məsafə və yüksəkliyə çata bildik. Bununla da ortaya yeni bir məhsul çıxdı. Biz Silahlı Qüvvələri onu çatdıracağıq”.
“Sıfırdan bir raketin inkişafı etdirilməsi layihənin başlanğıcından bəri TÜBİTAK SAGE-də idi. Onlar işləməyə davam edirlər. Yeni raket hazır olduğu zaman onu inteqrasiya edəcəyimiz “Siper” sistemimiz Blok 2 versiyası olacaq. Onu gələn il görməyi gözləyirik. Biz Blok 2-də məsafəni və hündürlüyü daha da artırmış olacağıq”, – deyə İsmayıl Dəmir qeyd edib.