ManşetXəbərlər

“Poliqon” jurnalının yaranmasından 14 il ötür

Bu gün “Poliqon” (“Azeri Defence”) müdafiə və aerokosmik texnologiyalar jurnalının yaranmasının 14-cü ili tamam olur.

Mərhum hərbi jurnalist Rəşad Süleymanov tərəfindən “Azeri Defence” adı ilə təsis edilən media qurumu fəaliyyətə 2012-ci ilin fevral ayında hərbi xəbər saytı kimi başlayıb. Həmin ilin oktyabr ayından isə jurnal formatında nəşr olunmağa başlayıb.

Rebrendinq çərçivəsində “Azeri Defence” jurnalı 1 yanvar 2021-ci il tarixindən etibarən fəaliyyətini “Poliqon” adı altında davam etdirir. Ad dəyişikliyi ilə yanaşı jurnalın mövzu istiqaməti və dizayn konsepsiyasında da yeniliklər həyata keçirilib, xüsusilə texnoloji mövzuların payı artırılıb. Əsas hədəf regional səviyyədə daha geniş tanınmaq və əhatə dairəsini genişləndirməkdir. Hazırda Azərbaycanda müdafiə və aerokosmik texnologiyalar istiqamətində fəaliyyət göstərən yeganə ixtisaslaşmış jurnal olan “Poliqon”, fəaliyyət dairəsini zamanla genişləndirərək qlobal media platformasına çevrilmək istiqamətində inkişafını davam etdirir.

Müdafiə və hərbi-sənaye şirkətləri arasında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon”, bu günədək Azərbaycan dilində 82 nömrə, həmçinin beynəlxalq sərgilər üçün ingilis və rus dillərində 12 xüsusi buraxılış nəşr edib.

Jurnal iki ayda bir olmaqla ildə altı dəfə nəşr edilir. Bununla yanaşı beynəlxalq müdafiə sənayesi sərgiləri üçün xüsusi buraxılışlar da hazırlanır. Nəşr oxuculara çap formatı, rəqəmsal PDF və internet platformaları vasitəsilə üç fərqli kanal üzərindən təqdim olunur.

“Poliqon” 2024-cü ilin iyul ayında Qazaxıstanın Aktau şəhərində beş dövlətin iştirakı ilə keçirilən “Birləşdik-2024” beynəlxalq təlimində xüsusi buraxılışla iştirak edib. Bu addım dünya praktikasında ilk nümunələrdən biri kimi diqqət çəkib.

“Poliqon”un fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. Jurnal Türkiyə, İsrail, Rusiya, İtaliya, Qazaxıstan, Gürcüstan, Cənubi Koreya, Pakistan və digər ölkələrin bazarlarında da özünəməxsus mövqe qazanıb. Jurnalın Türkiyə, Rusiya, Gürcüstan, Pakistan və Qazaxıstanda nümayəndəlikləri fəaliyyət göstərir.

Jurnalın oxucu və abunəçi bazasının əsas hissəsini Azərbaycanın müdafiə və təhlükəsizlik qurumları, müdafiə sənayesi müəssisələri, hərbi təhsil ocaqları, eləcə də hərbi sahəyə maraq göstərən şəxslər təşkil edir. Jurnalın çap versiyası Azərbaycan və xarici ölkələrdəki abunəçilərə çatdırılır, rəqəmsal versiyası isə Türkiyə, İtaliya, Slovakiya, Bolqarıstan, Rusiya, Qazaxıstan, BƏƏ, Cənubi Koreya, Pakistan və digər ölkələrdə minlərlə mütəxəssisə göndərilir.

Həmçinin “Poliqon”un xəbər saytında Azərbaycan, Cənubi Qafqaz, Türkiyə, MDB ölkələri və dünyada müdafiə, aviasiya və kosmik texnologiyalar sahəsində baş verən yeniliklər mütəmadi olaraq işıqlandırılır.

Hazırda “Poliqon” ADEX, “Securex Caspian”, IDEF, SAHA, KADEX, IDEAS, PIMEC, EDEX, IMDEX, “Eurasia Airshow”, IDEX, “Dubai Airshow” və DEFINDEX kimi nüfuzlu beynəlxalq müdafiə sərgilərinin rəsmi media tərəfdaşıdır. Eyni zamanda, jurnal yeddi beynəlxalq və regional hərbi nəşr və ixtisaslaşmış informasiya resursu ilə əməkdaşlıq edir.

14 illik fəaliyyət dövründə “Poliqon” müdafiə sənayesi, hərbi texnologiyalar və aerokosmik sahədə etibarlı informasiya mənbələrindən biri kimi öz mövqeyini formalaşdırmağa nail olub.

Back to top button