ABŞ Azərbaycan Gömrük Xidmətinə avtomobildə qurulmuş mobil təftiş avadanlığı verib
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) yükləri təftiş etmək imkanları olan xüsusi avadanlıqlarla təchiz olunmuş iki ədəd xüsusi təyinatlı avtomobil verib. “AzeriDefence”nin məlumatına görə, xüsusi təyinatlı avtomobillərin bu gün DGK-da təhvil-təslimi və təqdimatı keçirilib.
DGK-nin sədri Aydın Əliyev bildirib ki, qiyməti 300 min dollardan çox olan avtomobillər Azərbaycana sərhəd təhlükəsizliyi sahəsində tədbirləri gücləndirməkdə yardım olacaq. Avadanlıqlar DGK-ya ABŞ-ın İxracat Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyinə Yardım (EXBS) Proqramı tərəfindən təqdim edilib.
Bu proqram çərçivəsində DGK-ə xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yanaşı test və analizləri həyata keçirmək üçün avadanlıqlar verilib ki, onların da ümumi dəyəri 1 milyon 695 min dollardır. Avtomobillər bizim xidmətin mobil qrupları üçün gömrük məntəqəsindən keçən avtomobillərin gizlənc yerini tapmağa şərait yaradacaq.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq isə deyib ki, daşınan təftiş stansiyaları DGK-nin təftiş keçirmək imkanlarını artıracaq.
A.Sterlinqin sözlərinə görə, 2000-ci ildən indiyədək EXBS çərçivəsində DGK və Dövlət Sərhəd Xidmətinə ümumilikdə 24,5 milyon dollar dəyərində təchizat avadanlıqları və təlim xidmətlərini təqdim edilib.