ABŞ-da AGM-183A qanadlı hipersəs raketinin sınaqları keçirilib
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) hava bazalanmalı AGM-183A qanadlı hipersəs raket prototipinin sınaq buraxılışını uğurla həyata keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat xidməti məlumat yayıb.
“Təyyarədən ayrıldıqdan sonra ARRW-nin gücləndiricisi gözlənilən müddət ərzində alovlanıb və yanıb, səs sürətindən beş dəfə çox hipersəs sürətinə nail olub”, – deyə ABŞ HHQ-nin məlumatında bildirilib.
AGM-183A hipersəs raketinin prototipi Kaliforniya sahillərində Sakit Okean üzərində 419-cu sınaq eskadrilyasına daxil olan B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsinin göyərtəsindən buraxılıb. Bu uğurlu sınaq keçən il üç uğursuz cəhddən sonra baş tutub və proqramın gələcəyini yenidən qiymətləndirmədən irəli gəlib.
Qeyd olunub ki, AGM-183A ARRW (“Air Launched Rapid Response Weapon”) qanadlı hipersəs raketinin yaradılması ABŞ-ın ən mühüm müdafiə layihələrindən biridir.
Daha əvvəl elan edilmiş məlumatlara görə, ARRW kompleksi “Tactical Boost Glide” hipersəs bloku ilə təchiz edilmiş raket mühərrikli, hava bazalanmalı bərk yanacaq raketindən ibarətdir.
Bu aviasiya kompleksi “Common Hypersonic Glide Body” (C-HGB) layihəsi ətrafında – ABŞ-ın üç növ qüvvələrinin (Ordu, HHQ və HDQ) silah sistemlərini təchiz etmək üçün nəzərdə tutulmuş universal idarə olunan manevrli süzən hipersəs döyüş başlığı yaradılıb.
Qeyd etmək lazımdır ki, daha əvvəl ABŞ HHQ ARRW-nin 1000 mil məsafədəki hədəfləri vurması üçün cəmi 10-12 dəqiqə tələb olunduğunu bildirib.
C-HGB hipersəs döyüş başlığı ABŞ Ordusu üçün Sandy Milli Laboratoriyaları tərəfindən hazırlanıb, 2011-ci və 2014-cü illərdə iki buraxılışla sınaqdan keçirilib, 8 Mach sürətinə çatan “Advanced Hypersonic Weapon” (AHW) eksperimental hipersəs döyüş başlığına əsaslanır.
C-HGB üçün rəsmi sürət hələlik 5 Mach-dan çox elan olunub. Bu bloklar “Dynetics Technical Solutions” (DTS) şirkəti tərəfindən istehsal olunur.
Hazırda ən azı 8 ədəd tam hüquqlu AGM-183A prototipinin alınması planlaşdırılır ki, onlardan bəziləri uçuş sınaqlarının nəticələrindən asılı olaraq məhdud istismar imkanları ilə yerləşdirilə bilər.
Məlumatda o da bildirilib ki, HHQ-nin “2023-cü Maliyyə İli”nə təklif etdiyi büdcəyə təkcə AGM-183A qanadlı hipersəs raketini almaq üçün 46,6 milyon ABŞ dolları dəyərində satınalma sorğusu daxildir.
Bütün bunlara baxmayaraq, AGM-183A qanadlı hipersəs raketinin ilk uğurlu uçuş sınağı şübhəsiz ki, bir mərhələdir, lakin silahın gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Əhəd Əzizov