ABŞ-da F-22 “Raptor” qırıcıları təkmilləşdirilir

ABŞ-da F-22 “Raptor” qırıcıları təkmilləşdirilir

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “Raptor” qırıcı parkının təkmilləşdirilməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, dəyəri 10,9 milyard ABŞ dolları olan müqavilə on il müddətinə nəzərdə tutulub.

İşlərə müxtəlif xidmətlər, o cümlədən “Raptor” qırıcılarının yeniləmələri, təkmilləşdirmələri və düzəlişləri daxildir. “Lockheed Martin” şirkəti, həmçinin logistika xidmətləri və təkmilləşdirilmə dəstlərinin satın alınmasını da təmin edəcək.

Planlaşdırılır ki, bütün bu tədbirlər köhnəlmiş “Raptor”ları növbəti onillikdə, onlar “Next Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində hazırlanmış perspektivli qırıcılarla əvəz olunana qədər hazır vəziyyətdə saxlayacaq.

Qeyd edək ki, 1997-ci ildə “Lockheed Martin”, “The Boeing” və “General Dynamics” şirkətləri tərəfindən hazırlanmış F-22 “Raptor” beşinci nəsil çoxməqsədli qırıcı təyyarə olmaqla dördüncü nəsil F-15 “Eagle” qırıcısını əvəz etmək üçün nəzərdə tutulub. F-22 “Raptor” 2005-ci ildə ABŞ HHQ silahlanmasına daxil olub, 1997-2011-ci illər seriyalı istehsal zamanı 187 ədəd seriya vahidi və 8 ədəd prototip istehsal edilib. F-22 “Raptor” silahlanmaya qəbul edilmiş ilk beşinci nəsil qırıcıdır.

ABŞ Müdafiə Nazirliyinin sifarişinin 384-dən 188-ə endirilməsi və ixrac qadağası səbəbindən, qiyməti bir təyyarə üçün 146,2 milyon ABŞ dolları olmaqla, F-22 “Raptor” dünyanın ən bahalı seriya istehsalı qırıcısıdır.

F-22 “Raptor” sadə və çətin hava şəraitində düşmən təyyarələri ilə mübarizə aparmaq, qoşunları və arxa cəbhə obyektlərini hava zərbələrindən himayə etmək, gecə-gündüz düşmənin hava kəşfiyyatına əks-təsir göstərmək üçün təyin edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS