ABŞ-da yeni 155 mm-lik zenit silahı hazırlanacaq
ABŞ Ordusu hipersəs mərmilərlə silahlanmış yeni 155 mm-lik zenit-artilleriya sisteminin prototipini yaratmaq üçün “BAE Systems” şirkətini seçib.
“Poliqon” “Breaking Defense” nəşrinə istinadən xəbər verir ki, ABŞ Ordusunun Sürətli Qabiliyyətlər və Kritik Texnologiyalar İdarəsi (Rapid Capabilities and Critical Technologies Office – RCCTO) 2027-ci maliyyə ilinin dördüncü rübünə qədər Çox Domenli Artilleriya Topu (Multi-Domain Artillery Cannon – MDACS) sisteminin tam batareyasını hazırlamaq və çatdırmaq ehtiyacını müəyyən edib.
Bunun ardınca 2028-ci maliyyə ilində əməliyyat nümayişi keçiriləcək.
2024-cü ilin iyul-oktyabr ayları arasında aparılan bazar araşdırmasına əsasən, RCCTO “BAE Systems” şirkətini müəyyən edilmiş müddət ərzində tələb olunan prototipləri hazırlaya və çatdıra bilən yeganə təchizatçı kimi müəyyən edib.
Bir MDACS batareyasına səkkiz ədəd MDACS artilleriya qurğusu, dörd ədəd MFPR (Multi-Function Precision Radar) çoxfunksiyalı radiolokasiya stansiyası, iki MDBM (multi-domain battle management) döyüş idarəetmə sistemi və ən azı 144 dəst HVP (Hyper Velocity Projectile) hipersəs sürətli mərmi daxil olmalıdır.
Qoyulan taktiki-texniki tapşırığa (TTT) əsasən, MDACS sisteminin əsas vəzifəsi Birləşmiş Qüvvələrin stasionar və yarımstasionar mövqelərinin pilotsuz uçuş aparatları, qanadlı raketlər, təyyarələr və helikopterlərin hücumlarından qorunmasını təmin etməkdir. MDACS həmçinin mövcud havadan və raketdən müdafiə sistemləri ilə vahid sistemdə işləməyi bacarmalıdır. Eləcə də, MDAC havada daşınan yüksək mobillikli özüyeriyən təkərli 155 mm-lik artilleriya sistemi olmalıdır.
Sifarişçi gələcək qurğunun yüksək səviyyədə avtomatlaşdırmaya malik olmasını gözləyir. Bundan əlavə, o, böyük döyüş dəstinə və yüksək atəş sürətinə malik olmalıdır.
Effektiv işləmək üçün döyüş maşını kənardan hədəf alacaq, bunun üçün o, döyüş idarəetmə sisteminə (Integrated Battle Command System – IBCS) və inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə (Integrated Air-and-Missile Defense system – IAMD) şəbəkəsinə inteqrasiya olunacaq.
Perspektivli sistemin əsas üstünlüyü hipersəs zenit döyüş sursatları olmalıdır. Eksperimental aktiv-reaktiv çapaltı döyüş sursatı 2013-cü ildən elektromaqnit silahının inkişafı proqramı çərçivəsində yaradılıb. Lakin sonradan Hərbi Dəniz Qüvvələrinin 127 mm-lik artilleriya qurğuları və 155 mm-lik yerüstü artilleriya silahları üçün uyğunlaşdırılıb.
Super yüksək sürətlərə nail olmaq üçün o, bəzi məlumatlara görə, 5 Mach sürətini inkişaf etdirməyə imkan verən raket mühərriki ilə təchiz edilib. Atışın maksimal məsafəsi 80 kilometrə çatır.
İctimaiyyətə açıqlanmış məlumatlara görə, 2018-ci ildə HVP sursatlarının dəyəri 86.000 dollara çatıb.
Yeni 155 mm-lik zenit-artilleriya sisteminin maliyyələşdirilməsi həcminin təfərrüatları açıqlanmır. Bununla belə, nəşrə görə, Ordu 2025-ci maliyyə ilində ilkin işlər üçün 67 milyon dollar ayırmağı planlaşdırır, sonrakı illər üçün isə əlavə investisiyalar nəzərdə tutulur.
Əhəd Vahidoğlu