ABŞ F-16 təkmilləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqləyib

ABŞ F-16 təkmilləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqləyib

ABŞ hökuməti F-16 döyüş təyyarələrini təkmilləşdirmək üçün lazım olan dəstlərin Türkiyəyə satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, 259 milyon ABŞ dolları dəyərindəki bu sifarişə AGCAS (Automatic Ground Collision Avoidance System) qabilliyyətinə sahib Əməliyyat Uçuş Proqramı (OFP) avionikasının proqram təminatının təkmilləşdirmələrinin, MIDS BU II (Multifunctional Information Distribution System Block Upgrade II) təkmilləşdirməsinin inteqrasiyasını təmin etmək üçün vacib olan avadanlıqların və təkmilləşdirmə ilə bağlı digər hissələrin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin yerinə yetirilməsi üçün baş podratçı qismində ABŞ-ın “Lockheed Martin” şirkəti iştirak edəcək.

Qeyd olunub ki, bu satış Türkiyənin NATO ilə qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasına və ölkənin mövcud F-16 təyyarələri üçün uçuş təhlükəsizliyinin təmin olunmasına kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.

Həmçinin, təkmilləşdirmə dəstlərini əhatələyən satış Türkiyənin cari və gələcək təhdidlərə cavab vermə qabiliyyətini artıracaq, ölkəni və orada yerləşən ABŞ personalını müdafiə etməyə kömək göstərəcək.

Bunun regiondakı əsas hərbi balansı dəyişməyəcəyini diqqətə çatdıran ABŞ hökuməti satışın həyata keçirilməsinin hökumət və ya podratçı nümayəndələrinin Türkiyəyə təyinatını tələb etməyəcəyini də bildirib.

Poliqon.az

CATEGORIES
TAGS