ABŞ HHQ avtonom PUA tədarükü barədə müqavilələr imzalayıb

ABŞ HHQ avtonom PUA tədarükü barədə müqavilələr imzalayıb

ABŞ Hərbi Hava Qüvvələri (HHQ), “Kratos” (“Kratos Unmanned Aerial Systems”) və “General Atomics” (“General Atomics Aeronautical Systems”) şirkətləri ilə avtonom pilotsuz uçuş aparatlarının (PUA) tədarükü barədə ümumilikdə 20 milyon ABŞ dolları dəyərində müqavilələr imzalayıb.

“Poliqon” “Defense News” portalına istinadən xəbər verir ki, müqavilələrə əsasən, “Kratos” şirkəti, XQ-58A “Valkyrie” PUA üzərində işləri davam etdirməkdən ötrü 13,2 milyon ABŞ dolları, “General Atomics” şirkəti isə, MQ-20 “Avanger” PUA-nı təkmilləşdirmək üçün 7 milyon ABŞ dolları alacaq.

Maliyyə vəsaiti, dronları “Skyborg” (“Skyborg Vanguard”) sisteminin “beyni” rolunu oynayan və “Leidos” şirkəti tərəfindən yaradılan avtonom nüvə sistemi ilə inteqrasiya etmək üçün təyin edilib. Maliyyələşdirməyə bu payızda davam edəcək uçuş sınaqları və təcrübələr də daxildir. ABŞ HHQ 2023-cü ildə “ağıllı” dronların seriyalı istehsalına qərar vermək niyyətindədir.

Xatırladaq ki, keçən il “Skyborg” proqramı çərçivəsində ABŞ HHQ təyyarələr üçün “izləyici” dronların yığılması barədə üç müqavilə bağlayıb. Əsas podratçılar “Boeing”, “General Atomics” və “Kratos” olub. Hər bir şirkətlə dəyəri müvafiq olaraq 25,7 milyon, 14,3 milyon və 37,8 milyon ABŞ dolları olan “izləyici” PUA istehsalı və sınaqlarının keçirilməsi üçün ikiillik müqavilə imzalanıb. Qeyd edək ki, “Boeing” şirkəti hələ də BATS (Boeing Airpower Teaming System) PUA-nın “Skyborg” sistemi ilə uçuş sınaqları keçirməyib.

ABŞ Hərbi Hava Qüvvələrinə görə “izləyici”nin ənənəvi hərbi tərifi, qırıcıların uçduğu modelə aiddir. Həmişə “aparıcı” təyyarə və onun sağ qanadından uçan, “aparıcı”nın arxasında qalan başqa təyyarə olur. Bu ikinci pilot “izləyici” adlanır, çünki o, ilk növbədə “aparıcı”nın kürəyinə baxaraq onu müdafiə edir. Qısaca desək, “izləyici” potensial təhlükəli uçuş mühitində digərini dəstəkləyən pilotdur. “Skyborg” proqramı çərçivəsində yaradılan PUA-lar isə pilotsuz olmaqla bu tapşırıqları yerinə yetiriəcəklər.

“Skyborg”, döyüş qabiliyyətini qorumaq üçün müxtəlif tapşırıqları yerinə yetirməyə qadir olan, düşməninin qarşısını ala və məğlub edə biləcək gələcək HHQ yaradan avtonom qırıcıdır.

pua1 1

MQ-20 “Avenger” pilotsuz uçuş aparatı

pua2 1

XQ-58A “Valkyrie” pilotsuz uçuş aparatı

pua3 1

BATS pilotsuz uçuş aparatı (render)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS