ABŞ IM-SHORAD zenit komplekslərinin ilk partiyasını Almaniyada yerləşdirir

ABŞ IM-SHORAD zenit komplekslərinin ilk partiyasını Almaniyada yerləşdirir

ABŞ Ordusu, yaxın zonada döyüş bölmələrini hava hücumundan etibarlı şəkildə müdafiə etməkdən ötrü “General Dynamics” şirkəti tərəfindən yaradılmış yeni Stryker A1 IM-SHORAD zenit raket-top kompleksinin (ZRTK) ilk partiyasını Almaniyaya göndərib.

“Poliqon” xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Stryker A1 IM-SHORAD ZRTK-nin ilk partiyasının 4-cü hava hücumundan müdafiə alayının 5-ci taburuna verildiyini bildirib.

Yeni Stryker A1 IM-SHORAD (Initial Maneuver-Short-Range Air Defense – İlkin manevr – Yaxın Hava Müdafiəsi) ZRTK qoşunların döyüş düzülüşündə bölmələrin hava hücumundan müdafiəsi üçün təyin edilib.

Xatırlatmaq yerinə düşər ki, Stryker A1 IM-SHORAD ZRTK ümumilikdə 3-4 ili əhatə edən çox qısa zaman kəsiyində yaradılıb. Komplekslərin faktiki yerləşdirilməsi 2020-ci ilin noyabrında müqavilənin imzalanmasından və onların operatorları üçün təlimlərin keçirilməsindən altı ay sonra başlayıb.

Beləliklə, ABŞ Ordusu nisbətən köhnəlmiş M1097 “Avenger” yaxın təsirli özüyeriyən zenit raket kompleslərinin əvəz edilməsi və döyüş meydanındakı zərbə PUA-ları kimi yeni təhdidlərə cavab vermə prosesinə belə başlayır. Bu prosesi isə ilk olaraq Avropada həyata keçirir.

IM-SHORAD ZRTK qısa müddətdə yaradılmasına mövcud müasir texnologiyaların istifadə edilməsi böyük kömək edib. Məsələn, onun 30 mm-lik XM914 avtomatik topu AN-64 “Apache” helikopterində tətbiq edilən 30 mm-lik M230 aviasiya topunun təkmilləşdirilmiş “yerüstü” versiyasıdır. Zenit raketləri olaraq, FİM-92 “Stinger” zenit idarə olunan raketlərə (ZİR) əlavə olaraq əvvəllər yerüstü atışlara və hava hədəflərini məhv etməyə uyğunlaşdırılmış hava bazalı AGM-114L “Longbow Hellfire” tank əleyhinə idarə olunan raketlərdən (TƏİR) istifadə edilir.

Hava hədəflərinin aşkar edilməsi “Leonardo” şirkətinin aktiv fazalı antena şəbəkəsinə sahib Multi-Mission Hemispheric Radar (MHR) sistemi vasitəsilə yerinə yetirilir. Radiolokasiya stansiyası təxminən 20-30 km məsafədə “qırıcı”, 3.5-4 km məsafədə “ultra-kiçik dron” və çapdan asılı olaraq 5-10 km məsafədə “top mərmisi/minaatan minası” kimi hava hədəfləri ayırd edə bilir . Zirehli texnika (PDM, ZTR, ƏDT) kimi yerüstü hədəfləri isə 17-20 km məsafədə aşkar edir.

Hədəflərin aşkar edilməsi funksiyanın yerinə yetirilməsi üçün əlavə olaraq “L3Harris” şirkətinin WESCAM MX-GCS müasir optik müşahidə stansiyası nəzərdə tutulub. Kompleksin tərkibində özünün radioelektron mübarizə sistemi də var.

Ümumiyyətlə, IM-SHORAD ZRTK hava sahəsini 40 km-ə qədər məsafədə və 10 km-ə qədər yüksəklikdə müstəqil şəkildə nəzarətdə saxlayır. Müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinə inteqrasiyası nəzərə alınaraq bunun kritik bir göstərici olmadığını söyləmək olar. AGM-114L “Longbow Hellfire” zenit versiyasının atəş məsafəsi açıqlanmır. Lakin 4,8 km-ə qədər məsafədə və 3,8 km-ə qədər hündürlükdə hədəfləri məhv edən FİM-92 “Stinger” ZİR-dən iki dəfə uzun olmaqla atəş məsafəsinin 8-9 km təşkil etdiyini ehtimal etmək olar.

Bundan əlavə, AGM-114L “Longbow Hellfire” ZİR, eyni zamanda IM-SHORAD ZRTK-nə yerüstü hədəfləri də məhv etməyə imkan verir ki, bu da kompleksin döyüş istifadəsi imkanlarını xeyli genişləndirir.

Qeyd edək ki, IM-SHORAD ZRTK tədarükü alınan maşın sayını elan edilməyən və dəyəri 1,2 milyard ABŞ dolları olan bir müqavilə əsasında yerinə yetirlir. Bununla belə o da məlumdur ki, tədarükün 28 vahiddən ibarət ilk partiyası ABŞ Ordusuna 230 milyon ABŞ dollarına və ya bir kompleks üçün təxminən 8,2 milyon ABŞ dollarına başa gəlib.

Məlumat üçün bildirək ki, Stryker A1 IM-SHORAD ZRTK haqqında ilk dəfə 2020-ci ilin aprelində ABŞ Müdafiə Nazirliyinin Yeni raket silahlarının inkişaf proqramının rəhbəri polkovnik Çak Uorşim “yeni IM-SHORAD qısa mənzilli hava hücumundan müdafiə sisteminin sınaqlarının vaxtından əvvəl olduğunu və sınaqların ilk mərhələsinin yay aylarında başa çatıb” söyləyərək rəsmi açıqlama verib.

179318179 307562234202395 2562970164746078843 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS