ABŞ-ın Əfqanıstandakı hərbçiləri M3 “Karl Gustav”ı bəyəndi

ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı bölmələri M3 “Karl Gustav” markalı 84 mm-lik əl qumbaraatanını sınaqdan keçirməyə başlayıblar. İlkin rəyə görə, qumbaraatan yüksək effektivlik göstərib.

Silahın istehsal edən İsveçin “Saab” şirkəti ABŞ Silahlı Qüvvələri ilə qumbaraatanların alqı-satqısına dair 31,5 mln. ABŞ dolları dəyərində saziş imzalayıb. Adi ordu birləşmələri ilə yanaşı ABŞ-ın Xüsusi Əməliyyatlar üzrə Qüvvələri (SOCOM) də bu silahla təchiz ediləcək.

ABŞ 1980-ci illərdə də bu silahdan alsa da bu həcmdə alqı-satqı müqaviləsi tərəflər arasında ilk dəfədir imzalanıb. Bun qədər isə M3 “Karl Gustav” ancaq ABŞ xüsusi təyinatlılarında tətbiq edilib.

İlkin partiyaya 58 qumbaraatan və 1500 qəlpəli fuqas mərmiləri daxil edilib.

M3 “Karl Gustav” qumbaraatanı düşmənin 1,7 km məsafədə yerləşən canlı qüvvəsini və obyektini, 700 m məsafədəki az zirehli, 1000 m-də isə zirehli olmayan məntəqəsini dağıtmaq imkanına malikdir. M3 qumbaraatanı sələflərindən daha rahat funksiyaları ilə seçilir. Uzunluğu 106 sm, çəkisi 10 kq olan bu qumbaraatandan istifadə zamanı müxtəlif təyinatlı mərmilərdən istifadə edilə bilər. Mərmisi 500 m məsafədə zirehi dağıtma gücünə malikdir.

Silah rejimdən asılı olaraq, gecə atışı aparmağa imkan verən termal nişangah ilə də təchiz edilə bilər. Hazırda M3 “Karl Gustav” qumbaraatanları dünyanın 40 ölkəsinin silahlı qüvvələrində istifadə olunur.

KATEQORIYA: