ABŞ-ın lazerlərlə silahlandırılacaq MQ-9B “Sky Guardian” PUA-sı – TƏHLİL

ABŞ-ın lazerlərlə silahlandırılacaq MQ-9B “Sky Guardian” PUA-sı – TƏHLİL

ABŞ-ın “General Atomics” şirkəti özünün MQ-9B “Sky Guardian” böyük pilotsuz uçuş aparatı (PUA) üçün düşmən PUA-larını sürətlə vurmağa imkan verən lazer döyüş modulunu elan edib.

“Poliqon”un məlumatına görə, PUA-nın 300 kilovat-a qədər enerji istehsal edə bilən yüksək enerjili lazer silah sistemi (High Energy Laser Weapon System – HELWS) ilə təchiz edilməsi planlaşdırılır.

Bu məqsədlə onun göyərtəsində xüsusi batareyalar yerləşdiriləcək.

Məlumdur ki, lazer silahı qanadın altında yerləşir və soyutma üçün hava girişi olan kifayət qədər böyük bir bloka sahibdir. Döyüş modulu fırlanandır, ona görə də nişan almaq üçün PUA-nın özünü döndərməyə ehtiyac yoxdur.

491496071 1218227056469237 318698321955531034 n“General Atomics” şirkəti lazer silahının istənilən şəraitdə normal fəaliyyət göstərə biləcəyinə əmindir. Göyərtəsində lazer silahı olan MQ-9B “Sky Guardian” PUA-sının əsas hədəfləri düşmən PUA-larıdır. Ehtimal olunur ki, lazer sistemli PUA-nın hava hücumundan müdafiə (HHM) vasitəsi kimi istifadə edilməsi düşmənin PUA-larını bahalı raketlərlə məhv etməkdən daha effektiv olacaq. Gələcəkdə sistemin qanadlı raketlərin vurulması üçün də sınaqdan keçiriləcəyi də istisna edilmir. “General Atomics” şirkəti başa düşür ki, Ukraynada və Qırmızı dənizdə baş verən hadisələrin göstərdiyi kimi, bu mövzu bu gün xüsusilə aktualdır, burada daha ucuz olan kiçik dronları və ya qanadlı raketləri məhv etmək üçün bahalı raketlərdən istifadə etmək lazım gəlir, bu da iqtisadi cəhətdən heç də səmərəli deyil.

Qeyd edək ki, MQ-9B “Sky Guardian” PUA, MQ-9A “Reaper” PUA-nın təkmilləşdirilmiş versiyasıdır, qanad açıqlığı 24 metrə qədər artırılıb, uçuş məsafəsi və uçuş müddəti artmışdır. PUA 40 saat havada qala bilir. Ümumilikdə, MQ-9A “Reaper” uzaqdan idarə olunan çoxməqsədli uçuş aparatı (Remotely Piloted Aircraft – RPA) “General Atomics” şirkətinin “General Atomics Aeronautical Systems” (GA-ASI) törəmə şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələri (HHQ), ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) və Böyük Britaniya Kral HHQ tərəfindən istifadə üçün hazırlanmış modul kəşfiyyat-zərbə PUA-sıdır. Quruda və dənizdə çoxməqsədli kəşfiyyat, müşahidə və kəşfetmə (Intelligence, Surveillance and Reconnaissance – ISR) tapşırıqlarını yerinə yetirmək təyinatına malikdir. İlk uçuşunu 2 fevral 2001-ci il tarixində həyata keçirib.

491010943 1218227099802566 7695784790713292849 nMQ-1 “Predator” çoxməqsədli PUA əsasında yaradıldığı üçün onu bəzən “Predator B” olaraq da adlandırırlar. O, 400 km/saatdan çox sürətə çatmağa imkan verən 950 at gücünə sahib turbovintli Honeywell TPE331-10 mühərriki ilə təchiz edilib. Mühərrik, xüsusilə aşağı hündürlüklərdə onun işini və yanacaq qənaətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran rəqəmsal elektron mühərrikə nəzarət (Digital Electronic Engine Control – DEEC) sistemi ilə inteqrasiya olunub. Qanad açıqlığı 20 m, uzunluğu 11 m-dir. Praktiki uçuş tavanı 15240 m, uçuş sürəti 240 KTAS (445 km/s) və maksimal uçuş müddəti 27 saatdır.

MQ-9A “Reaper” PUA 500% daha çox faydalı yük daşıyır və doqquz dəfə çox at gücünə malikdir. Hərbi qırıcı üçün uzunmüddətli dözümlülük, davamlı müşahidə/zərbə qabiliyyəti təmin edir. O, yüksək modulludur və tapşırıq tələblərinə cavab vermək üçün müxtəlif faydalı yüklərlə asanlıqla konfiqurasiya edilə bilər. PUA çoxlu faydalı yükləri, o cümlədən: elektro-optik/infraqırmızı cihaz sistemi, Lynx çox rejimli radiolokasiya stansiyası (RLS), çox rejimli dəniz müşahidə RLS-i, elektron dəstək vasitələri, lazer hədəfgöstəricilər, həmçinin müxtəlif silah və faydalı yük paketləri daşımağa qadirdir. Onun altı asqı nöqtəsi var: 680 kq çəki üçün 2 daxili, 230-270 kq çəki üçün qanadın ortasında 2 və 68-91 kq çəki üçün 2 konsol asqılar.

Onun Block-1, Block-5 və “Raeper ER” kimi modifikasiyaları mövcuddur:

– Block-1 – ilk dəfə 2012-ci ilin aprel ayında təqdim edilmiş və uçuş müddəti artırılmış modifikasiyadır. Modernləşdirilmiş PUA əvvəlki versiya ilə müqayisədə 10-15 saat daha çox havada qala bilir. Bu nəticə əlavə yanacaq çənləri və yenilənmiş şassi sayəsində əldə edilib ki, bu da əlavə yanacaq doldurmadan uçuş müddətini 37 saata çatdırıb. İstehsalçının sözlərinə görə, MQ-9A “Reaper” PUA daha uzun – ştat 20,0 m qanad açıqlığı əvəzinə 26,8 m qanadlarla təchiz olunarsa, bu zaman o, 42 saata qədər havada qala biləcək.

– Block-5 – mühərrikinin gücü artırılmış, bir neçə hava və ya yer obyektinə məlumat ötürmək üçün ikinci radiostansiya quraşdırılmış və 1769 kq-lıq (ondan 386 kq daxilində, 1361 kq xaricində) yüksəldilmiş yükqaldırma qabiliyyətinə sahib modifikasiyadır. Maksimal uçuş kütləsi 4763 kq-dır.

– Reaper ER (Extended Range) – uçuş müddəti 27 saatdan 34 saata qədər artırılmış modifikasiyadır. O, istismar çevikliyini artırarkən onun onsuz da təsiredici uçuş müddətini artıran qanad yanacaq konteynerləri və yeni gücləndirilmiş şassi kimi ərazidə təkmilləşdirmə imkanları ilə hazırlanıb.

491754354 1218227116469231 3042097827440637613 nMQ-9A “Reaper” PUA optoelektron başlıqlar və SAR (Synthetic Aperture Radar) radarlarından istifadə etməklə vizual kəşfiyyat (Imagery Intelligence – IMINT), həmçinin radioelektron kəşfiyyat (Signals Intelligence – SIGINT) sahəsində məlumat əldə etməyə imkan verir. Bundan başqa, o bir sıra hava döyüş vasitələrindən istifadə edərək havadan yerüstü və dəniz hədəflərini məhv edə bilir.

Bu günə qədər MQ-9A “Reaper” PUA ABŞ HHQ, ABŞ Daxili Təhlükəsizlik İdarəsi, NASA, Böyük Britaniya Kral HHQ, İtaliya HHQ, Fransa HHQ və İspaniya HHQ tərəfindən alınıb.

MQ-9B “Sky Guardian” PUA bütün dünyada davamlı kəşfiyyat, müşahidə və kəşfetmə (ISR) təmin edən uzaqdan idarə olunan aviasiya sistemlərinin (remotely piloted aircraft systems – RPAS) növbəti nəslidir. O, istənilən hava şəraitində peyk vasitəsilə üfiq arxasında 40 saatdan çox uçmaq və mülki hava məkanına təhlükəsiz inteqrasiya etmək üçün nəzərdə tutulmuşdur ki, bu da birgə qüvvələrə və mülki hakimiyyət orqanlarına dünyanın istənilən yerində – gündüz və ya gecə real vaxt rejimində situasiya məlumatlığını təmin etməyə imkan verir. PUA-nın ilk uçuşu 30 mart 2020-ci ildə baş tutub.

PUA inqilabi Lynx çox rejimli radiolokasiya stansiyasına (RLS), qabaqcıl elektro-optik/infraqırmızı (EO/IR) sensora, avtomatik qalxma və enməyə, eləcə də sələflərindən fərqlənən 24 m uzunluğundakı daha böyük qanad açıqlığına malikdir. MQ-9B “Sky Guardian” PUA-nın yüksək yükqaldırma qabiliyyəti və açıq sistem arxitekturası təmin edir ki, bu da ona kəşfiyyat məlumatlarının toplanması, sağqalma qabiliyyəti və hətta daha çətin əməliyyat mühitlərinin icrasından ötrü kinetik faydalı yüklər üçün ən qabaqcıl sensor yüklərini inteqrasiya etməyə imkan verir. O, maksimal xarici yükləmə qabiliyyəti 2155 kq olan doqquz asqı nöqtəsinə (8 qanad, 1 mərkəz xətti) malikdir. Maksimal uçuş kütləsi 5670 kq təşkil edir. Bu, silahlı qüvvələrə və hökumətlərə öz unikal həlləri üçün müstəqil faydalı yükləri və tapşırıq sistemlərini (Tactical and Strategic SIGINT, Tactical Data Link (Link-16), Airborne Early Warning (AEW) и Communications Gateway/Relay və s.) asanlıqla inteqrasiya etməyə imkan verir. 7500 metr hündürlükdə kreyser sürəti saatda 388 km-dir. PUA 12200 metrdən çox hündürlükdə tapşırıqları yerinə yetirə bilir.

491212471 1218227196469223 4689161977354563119 nMQ-9B “Sky Guardian” nəinki NATO STANAG 4671 standartının, həm də ABŞ-da və dünyada mülki hava məkanı tələblərinə cavab vermək üçün sıfırdan hazırlanıb. İlk növbədə “General Atomics Aeronautical Systems” şirkətinin aşkarlama və toqquşmadan yayınma sistemi və sertifikatlaşdırılmış yerüstü idarəetmə stansiyasından istifadə edərək, MQ-9B “Sky Guardian” digər kommersiya təyyarələri kimi normal hava hərəkətinə mükəmməl inteqrasiya edilib. Onun uzaqdan uçuş stansiyası operatorlara insan heyətli təyyarələrin kabinasından daha yaxşı olmasa da, oxşar hava hərəkəti mənzərəsini təqdim edir. ABŞ Federal Aviasiya Administrasiyası (U.S. Federal Aviation Administration) və Böyük Britaniya Mülki Aviasiya İdarəsi (UK Civil Aviation Authority) MQ-9B “Sky Guardian” PUA-sını mülki hava məkanında uçuşlar üçün təsdiqləyib. Böyük Britaniya Kral HHQ bu PUA-nı “Protektor RG Mk1” adı altında istismar edir.

MQ-9B “Sky Guardian” bir sıra ISR əməliyyatlarını, o cümlədən, humanitar yardım/fəlakətlərin aradan qaldırılması, axtarış-xilasetmə əməliyyatları, hüquq-mühafizə orqanlarının fəaliyətləri, sərhəd xidmətləri, HHM, havadan erkən xəbərdarlıq, radioelektron mübarizə, “Sea Guardian” tapşırıq dəsti tərkibində HHM, sualtı qayıqlara qarşı mübarizə və havadan minalara tədbirlər, uzun mənzilli strateji kəşfiyyat və pelenqasiya üfiqdən kənar hədəfləmə kimi, lakin bunlarla məhdudlaşmayaraq digər əməliyyatları həyata keçirmək üçün konfiqurasiya edilə bilər.

MQ-9B “Sea Guardian” PUA dənizlərin və okeanların sularında patrul etmək üçün nəzərdə tutulub. MQ-9B “Sea Guardian” PUA-sı MQ-9B “Sky Guardian” pilotsuz uçuş aparatının planerinə əsaslanır. Sonuncu isə, öz növbəsində, qeyd edildiyi kimi məşhur MQ-9A “Reaper” kəşfiyyat-zərbə PUA-ının növbəti inkişafıdır. MQ-9B “Sea Guardian” PUA-nın açıq arxitektura sistemindən istifadə edərək operatorlar innovativ hidroakustik buy komanda və idarəetmə sistemini (Sonobuoy Management And Control System – SMCS) və hidroakustik buyları paylama sistemini (Sonobuoy Dispenser System – SDS) inteqrasiya etmək imkanına malikdirlər. SMCS və SDS “Sea Guardian” dəstinə daxildir.

490697981 1218226703135939 2039989392268063892 nBu sistemlər birlikdə MQ-9B “Sea Guardian” operatorlarına tək PUA-dan hidroakustik buyları yerləşdirməyə, izləməyə və idarə etməyə imkan verir. Həmçinin, PUA-da 4 SDS konteynerini daşımaq üçün dörd qanad stansiyası var ki, bu da ona 40 ədəd “A” ölçülü və ya 80 ədəd “G” ölçülü hidroakustik buyları saxlamağa və paylamağa, eləcə də dünyanın istənilən yerində uzaqdan sualtı qayıq əleyhinə mübarizə (anti-submarine warfare – ASW) aparmağa imkan verir. Standart dəniz ISR və ASW konfiqurasiyasında MQ-9B “Sea Guardian” PUA-nın fəaliyyət radiusu 1200 dəniz mili tapşırıq radiusunu əhatə edir.

MQ-9A “Reaper” və MQ-9B “Sky Guardian” PUA-ların zərbə versiyası da var. Onlar, AGM-114 Hellfire raketləri, lazer tuşlamalı Mark 82  (GBU-12 Paveway II) və ya GPS tuşlamalı Mark 82 (GBU-38 JDAM) idarə olunan bombaları, “hava-hava” sinif AIM-9X “Sidewinder” raketləri ilə silahlana bilər. AIM-92 “Stinger” “hava-hava” sinif raketlərdən istifadə etməklə sınaqlar da aparılır.

Beləliklə, “General Atomics” şirkəti PUA sistemlərinin yaradılmasında öz təcrübəsindən istifadə etməyə davam edir, həmçinin yeni həllər təqdim edir. Artıq məlum texnikanın təkmilləşdirilmiş xüsusiyyətləri və yeni funksiyaları olan yeni modifikasiyaları hazırlanır.

Belə texnikanın güclü tərəflərindən düzgün istifadə hədəflərin axtarışı və məhv edilməsi sisteminin köklü şəkildə yenidən qurulmasına, onun fəaliyyətinin yaxşılaşdırılmasına və istismar xərclərinin azaldılmasına imkan verir. Həmçinin, MQ9-B “Sky Guardian” PUA yeni HELWS sistemi ilə təchiz edildikdən sonra sınaqlardan uğurla çıxarsa, o zaman bu aparatın tapşırıqlarının geniş çeşidinə daha biri əlavə olunacaq və nəticədə düşmən PUA-larına qarşı bahalı döyüş sursatlarından istifadə edilməməklə böyük həcmdə maliyyə vəsaitinə qənaət olunacaq.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS