
ASELSAN Malayziyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıqlarını gücləndirir
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN, LIMA-2025 sərgisində Malayziya müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığı gücləndirməyə yönəlmiş iki əməkdaşlıq razılaşması və bir Anlaşma Memorandumu imzalayıb.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkət Malayziyada keçirilən LIMA-2025 sərgisində birgə istehsal, sistem inkişafı və inteqrasiya olunmuş müdafiə həllərinin təqdimatını əhatə edən strateji razılaşmalar imzalayaraq bölgədə etibarlı müdafiə tərəfdaşı kimi mövqeyini daha da gücləndirib.
Bildirilib ki, imzalanan ilk razılaşma “Sapura Secured Technologies” şirkəti ilə birgə məhsul inkişafı, istehsal və hərbi rabitə sahəsində milli kriptoqrafiya imkanlarının inkişafını əhatə edən əməkdaşlığı nəzərdə tutur.
“MILDEF International Technologies” şirkəti ilə imzalanan razılaşma çərçivəsində isə Malayziya Ordusunun uzaqdan idarə olunan silah sistemləri, rabitə və elektro-optik sistemlər, eləcə də komanda-idarəetmə həlləri ilə təchiz edilməsi planlaşdırılır. Bu sistemlər Quru Qoşunlarının “Tarantula” zirehli maşınlarına inteqrasiya olunacaq.
ASELSAN, həmçinin “Ventura IOT” şirkəti ilə Malayziya Ordusunun ehtiyac və tələblərinə uyğun qabaqcıl boru xətti təhlükəsizlik həllərinin hazırlanması və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq edəcək.
LIMA-2025 sərgisində ASELSAN, uzaqdan idarə olunan silah sistemləri, yaxın məsafədən müdafiə həlləri, pilotsuz suüstü vasitələr, sonar sistemləri və torpedo əleyhinə tədbirlər daxil olmaqla geniş çeşiddə qabaqcıl müdafiə texnologiyalarını nümayiş etdirir. Pilotsuz uçuş aparatları (PUA) üçün şirkət elektro-optik sensorlar, radioelektron mübarizə sistemləri, yüksək dəqiqlikli döyüş sursatları və yönləndirmə dəstlərini təqdim edir. ASELSAN, həmçinin müasir radar sistemləri, hava hücumundan müdafiə həlləri və geniş rabitə-avionika texnologiyalarını da nümayiş etdirir.
“LIMA-2025 sərgisində iştirakımız Malayziyada müdafiə ekosistemini strateji tərəfdaşlıqlar və innovativ həllərlə gücləndirmək öhdəliyimizin göstəricisidir. Yerli şirkətlərlə əməkdaşlıq edərək texnoloji imkanların inkişafına və regionun təhlükəsizliyinə töhfə verməkdən məmnunuq”, – deyə ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol qeyd edib.