SənayeXəbərlər

MKE İordaniyada daha bir müəssisənin qurulmasını başa çatdırıb – VİDEO

Türkiyənin MKE şirkəti İordaniyada “Orta və Böyük Kalibrli Sursat və Təyyarə Bombalarının Doldurulması və Yığılması Zavodu”nun qurulmasını başa çatdırıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, zavodun istismara verilməsi üzrə işlər son mərhələyə çatıb.

Müdafiə sənayesində istehsal texnologiyalarını və biliklərini dost və müttəfiq ölkələrə ötürən MKE şirkəti açar təslim zavod və istehsal müəssisələrinin qurulması layihələri vasitəsilə ölkələrin yerli istehsal infrastrukturunun inkişafına töhfə verir. Bu çərçivədə MKE tərəfindən daha əvvəl İordaniyada qurulan Patron İstehsalı Zavodu 2024-cü ildən etibarən fəaliyyət göstərir. “Orta və Böyük Kalibrli Sursat və Təyyarə Bombalarının Doldurulması və Yığılması Zavodu” isə bu istiqamətdə MKE-nin İordaniyada həyata keçirdiyi ikinci layihədir.

MKE başa çatdırdığı və davam etdirdiyi işlər çərçivəsində 9 ölkədə ümumilikdə 11 texnologiya transferi layihəsini həyata keçirib. Şirkət qurduğu müəssisələrdə çalışacaq personal üçün istehsal, texniki xidmət və təmir üzrə təlimlər, eləcə də texniki dəstək xidmətləri göstərir.

İordaniyadakı mövcud müəssisələrə texniki xidmət göstərilməsi üzrə müqavilənin imzalanması və yeni xammal istehsalı müəssisələrinin qurulması ilə bağlı danışıqlar isə davam edir.

Back to top button